Alexandra Lusina “Günay Sığorta”nın mükafatı uğrunda mübarizədə birinci oldu

Alexandra Lusina “Günay Sığorta”nın mükafatı uğrunda mübarizədə birinci oldu

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı və "Günay Bank"ın sponsorluğu ilə "Günay Kuboku" adlı beynəlxalq turnirdə ikinci gün geridə qalıb. Siasport.az saytı xəbər verir ki, yarışın növbəti günü çaparlar "Günay Sığorta"nın mükafatı uğrunda mübarizə aparıblar. Turnirin qalibi adını "Bahar" ləqəbli atla Polşalı idmançı Alexandra Lusina qazanıb. İkinci pilləni "Bill Klinton" ləqəbli atla həmyerlimiz Camal Rəhimov tutub. Üçüncü pillənin sahibi də Alexandra Lusina olub. Bu dəfə Lusinanın "Chira" ləqəbli atı idmançıya üçüncülüyü qazandırıb. Camal Rəhimovun "Platin" ləqəbli atı dördüncü, "Woodie" ləqəbli atı isə beşinci olub. Xatırladaq ki, yarışın birinci günü idmançılar "Studbook MNM Azerbaijan" mükafatı uğrunda mübarizədə aparıblar ki, bu mərhələnin də qalibi "Papirus" ləqəbli atla həmyerlimiz Gennadi Qaşıbeyazov olub. Bu gün baş tutacaq yarışlardan sonra "Günay Maliyyə" mükafatının da sahibi məlum olacaq. Nəhayət, sonuncu dördüncü gün, iştirakçılar "Qrand Pri" yarışında "Günay Bank"ın mükafatı uğrunda mübarizəyə qatılacaqlar. Bir daha xatırladaq ki, Turnirdə azərbaycanlı idmançılarla yanaşı, Gürcüstan və Polşadan olan çaparlar da iştirak edirlər. Beynəlxalq turniri idarə edəcək hakimlər kollegiyası Türkiyə, İran və Rusiyadan dəvət olunublar. Yarışlar hər gün saat 18:00-da start götürür.


Bütün xəbərlər Facebook səhifəmizdə