"Xəzər Lənkəran"ın yeni baş məşqçisi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik kənardan mütəxəssis dəvət etmək niyyətində deyil.
Çempionatın startına az müddət qalmış komandanı tanımayan mütəxəssislə anlaşıb, risk etmək istəməyən "Xəzər Lənkəran" rəhbərliyi komandanı idman direktoru Cüneyt Biçərə tapşıracaq. İyunun 29-dan "Xəzər Lənkəran"ın idman direktoru vəzifəsini tutan türk mütəxəssis gələn həftə baş məşqçi postuna təyin olunacaq. Təyinat klub rəhbərliyi İstanbuldan qayıdandan sonra reallaşacaq.
"Xəzər Lənkəran" rəhbərliyi Biçərin başçılığı altında çox az sayda əcnəbi və əksəriyyəti yerli futbolçulardan ibarət olan komanda qurmaq istəyir. O, həmçinin "Xəzər Lənkəran"ın futbol məktəbinə də nəzarət edəcək, futbolçu yetişdirilməsi istiqamətində müəyyən addımlar atacaq.
Qeyd edək ki, 35 yaşlı Cüneyt Biçər Türkiyənin "Pazarspor", "Muğlaspor", "Bucaspor İzmir" və "Altay" klublarında çalışıb. O, ölkəmizdə "Bakı"nın uşaq-yeniyetmə komandalarının baş koordinatorunun köməkçisi və həmçinin bir müddət baş məşqçi vəzifəsində işləyib. "Bakı"nın baş məşqçisi olanda "Xəzər Lənkəran"ı ölkə çempionluğundan və kubokdan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB