Bu gün \"Neftçi\"nin avrokubok \"dəftəri\" qapanır...

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları keçiriləck. Siasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu olan Bakının \"Neftçi\" futbol klubu Xorvatiyanın \"Dinamo\" futbol klubunu qəbul edəcək. İlk oyunda rəqibə 0:3 hesabı ilə uduzan və artıq mərhələ adlamaq şansını tamamilə itirən Bakı təmsilçisi üçün bu sadəcə bir vida qarşılaşması olacaq. Çünki Xorvatiyadakı ilk qarşılaşmada \"Neftçi\" futbolçularının çempion komandanın adına yaraşmayan məhəllə futbolu sərgiləmələri, kənd-kəsək üslubunda əsl xaotik çilingağac oyununa bənzər \"futbol\" oynamaları tam əsasla bu komandanın Avropa dəftərinin elə bu gün saat 23-də bitəcəyini göstərir. Klubun belə nüfuzlu turnir qabağı heyətinə heç bir güclü futbolçu cəlb edə bilməməsi, ancaq və ancaq Azərbaycan çempionatına hesablanan hazırkı heyəti \"göz bəbəyi kimi\" qoruması ona gətirib çıxartdı ki, Zaqrebdə Azərbaycanın ən köklü klubu. açıq-aşkar gülüş hədəfinə çevrildi. Neçə ildir ki, qocalıq dövrünü yaşayan və ayaqlarını çəkə bilməyən Elil Mpenzanı \"ulduz transfer\" kimi gözə soxan \"Neftçi\", bununla ən yaxşı hada elə özü-özünü aldada bilər, başqa heç kəsi yox!
Arif Əsədov ancaq ən yaxşı halda palçıqlı Azərbaycan stadionlarında \"Neftçi\"nin çempion olması üçün çalışa bilər, ondan UEFA Çempionlar Liqasında azacıq nəticə gözləmək isə ancaq bizimkilərin \"ağıl kəşfi\" olar bilər. Bu futbol fəlsəfəsi ilə \"Neftçi\" Avropa yarışlarında da \"qapazaltı\" klub imicini qazanmaqdan başqa dyəsən heç nə ilə yadda qalmayacaq. Görünən odur ki, daha ona \"xalq komandası\" da deyilməyəcək. Çünki bu ada sərgilədiyi futbolla hər kəsin rəğbətini qazanan \"Qarabağ\" futbol klubu iddialıdır. Ardıcıl 4-cü ildir ki, turnir cədvəlində 3-cü və 4-cü yerləri tutmaqla avrokuboklarda hegemonluq edən Ağdam təmsilçisi, artıq bu ada tam layiq olduğunu oynadığı oyunla isbatlayıb. Həqiqət budur, əziz FLAQMAN!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...