"Xəzər Lənkəran”da 5 debütant-STATİSTİKA

"Xəzər Lənkəran”da 5 debütant-STATİSTİKA

Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu 5 futbolçunun "Xəzər Lənkəran"da debütü ilə əlamətdar oldu. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Mirça Rednik İsrailin "Makkabi" klubu ilə Təl-Əvivdəki qarşılaşmada Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli və Marius Onofraşa ilk dəfə "Xəzər Lənkəran" forması geyinmək imkanı verdi.

Bununla da bu 5 futbolçu rəsmi matçlarda "Xəzər Lənkəran" forması geyən oyunçuların siyahısına daxil oldu. İsraildəki matçadək 126 oyunçuya komandanın şərəfini qorumaq nəsib olmuşdu. "Makkabi" ilə görüşdən sonra isə yenilərin də adını yazdırdığı siyahıda artıq 131 nəfər yer aldı.

Komandanın tarixinin 131 futbolçusundan 52-si yerli, 79-u əcnəbidir. Bu fərqin daha da artmasına son 5 debütantın hamısının əcnəbi olması səbəb olub. Belə ki, Bonfimlə Qomeş braziliyalı, Paulo portuqaliyalı, Borbeli ilə Onofraş isə rumıniyalıdırlar. İndiyədək bu ölkənin hər birinin komandada təmsilçisi olub. Rumıniya "Xəzər Lənkəran"da təmsil olunmuş 28 ölkə arasında liderliyini daha da möhkəmlədib. Sayı 10-a çatan braziliyalılar isə Türkiyəni arxada qoyub.

"Xəzər Lənkəran" forması geyinən legionerlər ölkələr üzrə: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Portuqaliya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna – hərəsi 1.

Bütün xəbərlər Facebook səhifəmizdə