UEFA hələlik türk klublarına rəhm etdi!

Danışılmış oyunlarla bağlı Türkiyə Futbol Federasiyası və UEFA nümayəndələrinin iştirakı ilə İsveçrənin Cenevrə şəhərində keçirilən yığıncaq artıq başa çatıb. Siasport.az saytı xəbər verir ki, toplantıda danışılmış oyunlarda adları hallanan türk klublarının taleyi müzakirə olunub. Maraqlısı budur ki, UEFA nümayəndələri də adı qalmaqala qarışan komandaların hələlik cəzalandırılmasını məqsədəuyğun saymayıblar. Türkiyəni tədbirdə təmsil edən Mehmet Əli Aydınların vəkili Lütfi Arıboğan jurnalistlərə toplantının ardından bir sıra açıqlamalarla çıxış edib: "Planlaşdırdığımız yığıncaq gerçəkləşdi. UEFA Türkiyə Futbol Federasiyasına olan güvənini bir daha nümayiş etdirdi. Qurumun belə məsələlərdə nə qədər həssas olduğunu bilirik. Daxili işimiz olduğu üçün məsələyə müdaxilə etməyəcəklərini və bizim verdiyimiz qərarlara güvəndiklərini bildirdilər. Prokurorluğun ittihamnaməsi bizə verilmədiyindən, bir az gözləmək lazım olduğunu onlar da çox gözəl bilirlər. Bu həftədən etibarən həmin sənədlər hissə-hissə bizə göndəriləcək. Ən qısa zamanda doğru qərarı verməyə çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə