Slavço Georgiyevski: "İkinci qol bizi "öldürdü"-MÜSAHİBƏ

Slavço Georgiyevski: "İkinci qol bizi "öldürdü"-MÜSAHİBƏ
Azərbaycan çempionu "Neftçi"nin yarımmüdafiəçisi Slavço Georgiyevski azerisport.az saytına müsahibə verib. Siasport.az saytı futbolçunun müsahibəsini nəzərinizə çtdırır:


- Zaqrebdə nə baş verdi? "Neftçi" niyə öz gücünü göstərə bilmədi?
- Bu, sizin fikrinizdi ki, biz pis oynadıq. Mən isə hesab edirəm ki, bizim oyunumuz kifayət qədər normal idi. Bizi öz meydanında qəbul edən rəqib 37-ci dəqiqəyə qədər qapımız qarşısında heç bir təhlükəli vəziyyət yarada bilməmişdi. Biz səfər oyununda heç də pis təsir bağışlamır, əks-hücumlar təşkil edirdik.


- Deməli, tənqidləri qəbul etmirsiz?
- Düzünü deyim ki, ilk qolu buraxmağımız komandaya qətiyyən təsirini göstərmədi. Amma ikinci qol bizi "öldürdü". Paltardəyişmə otağından çıxan kimi sənə qol vururlar. Halbuki, qalan hər şey qaydasında gedirdi. Maraqlıdır, Mpenza əlinə düşən vəziyyətlərdən birini reallaşdıra bilsəydi, nə deyəcəkdilər?

- O ki vura bilmədi...

- İnanın, bu nəticə bütün komandanı çox məyus edib. Bizə də çox üzücüdür. "Neftçi" elə də pis oyun sərgiləmədi ki, belə böyük hesabla uduzsun. Avstriyadakı təlim-məşq toplanışında biz çox yaxşı təsir bağışlayırdıq.

- Bəzi futbolçuların əsdiyi hiss olunmurdu?
- Ola bilər ki, televiziya vasitəsilə belə görünsün. Axı məlum səbəblərdən gərginlik çox idi. İstənilən halda baş məşqçi hər kəsin səhvini ona göstərir.

- Futbolçular arasında anlaşma o qədər də yaxşı deyildi. Baxmakayaraq ki, yayda komandaya sadəcə qapıçı Saşa Stamenkoviç qoşulub...

- Mən deməzdim ki, komanda üzvləri arasında anlaşma səviyyəsi aşağı idi.


- "Neftçi" altı il sonra Çempionlar Liqasına qayıtdı. Bu qayıdışı bir kəlmə ilə necə xarakterizə edə bilərsiz?
- Heç nə ilə. Belə qayıdışı heç kim istəməzdi.

- İkinci oyuna nəyin xatirinə çıxmaq olar?
- Azarkeşləri düşünmək lazımdır. Klub rəhbərliyinin xatirinə oynamaq lazımdır. Hansı ki, mətbuat tərəfindən çox tənqid olunurlar. Yeri gəlmişkən, rəhbərlik heç nədə günahkar deyil. Meydana çıxanlar biz futbolçularıq. Tənqidləri də bizə ünvanlayın.


- Mərkəzi arenada anşlaq olmasa, məyus olacaqsız?
- Əlbəttə, çox istərdik ki, anşlaq olsun. Amma olmasa da, nə etmək olar? Oynamalı, daha yaxşı oynamalı olacağıq. "Dinamo"ya buraxdığımız qədər qol vurmağa çalışacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com