"Bakı" "Bakı"ya qalib gəldi

Qarşıdan gələn mövsümün hazırlıqlarını Bakıda davam etdirən "Bakı" klubu təlim-məşq bazasında ikitərəfli oyun keçirib. Siasport.az saytı xəbər verir ki, bir neçə yeni futbolçuların da dəvət olunduğu oyunda komanda sarı və qırmızı olmaqla iki hissəyə bölünüb.


Hər hissəsi 20 dəqiqə olmaqla 3 hissədən ibarət oyun qırmızıların 2:0 hesablı qələbəsi ilə nəticələnib. Oyunda 5 yeni futbolçu baxışdan keçiridlib. Bu futbolçulardan ikisi əvəzedici komandanın üzvü Raul Yaqubzadə və Eltun Hüseynovdur. Digər üç futbolçu Zabit Səfərov, Vasif Əliyev və İlqar Abdurəhmanov olub.


Onu da qeyd edək ki, cərrahiyyə əməliyyatından qayıdan və fərdi məşqlər edən Əziz Quliyev oyunda iştirak etməyib.


Hazırlıqların gedişi və komandada baxışda olan yeni futbolçular haqqında komandanın baş məşqçisi Aleksandar Starkovun fikirləri belə olub: "Bu gün baxışa beş futbolçu dəvət olunmuşdu. Bunlar əvəzedici komandanın üzvləri və əvvəllər "Bakı"da top qovmuş futbolçulardır. Bu gün əsas məqsəd komandanın və ayrı-ayrılıqda oyunçuların hazırlıq səviyyəsini müəyyənləşdirmək idi.


Baxışda olan hər hansı bir futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, komandada qalıb oynayacaq. Ancaq hələ fikir söyləmək tezdir, bu barədə qərar verməmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə