Azərbaycanın 18 yaşınadək oğlanlardan ibarət seçmə otüstü hokkey komandası Avropa çempionatında Litva yığması üzərində qələbə qazanıb. Siasport.az saytı xəbər verir ki, ilk turda C.Kipr təmsilçilərini 7:1 hesabı ilə məğlubiyyətə uğradan litvalılar ikinci turda da öz pərəstişkarlarını sevindirmək fikrində idilər. Amma, hər şey rəqibin arzuladığı kimi qurtarmayıb. Birinci hissədə tərəflərin səyinə baxmayaraq, qapılara qol vurulmayıb. Fasilədən sonra daha yaxşı oyun nümayiş etdirən Azərbaycan hokkeyçiləri 42-ci dəqiqədə Kənan Şirinovun cərimə zərbəsi ilə hesabda irəli çıxıblar. Lakin, 6 dəqiqə sonra Litva yığmasının oyunçuları hesabı bərabərləşdiriblər. Amma, həmyerlilərimizin qələbə əzmi 64-cü dəqiqədə öz bəhrəsini verib. İlk turda ümumiyyətlə meydana çıxmayan Nəsrəddin Hüseynov komandasının 2-ci qolunu vurub. Qalan 6 dəqiqə ərzində də üstünlük yığmamızın tərəfində olduğu üçün litvalılar cavab topu vura bilməyiblər. Beləliklə, 18 yaşlı hokkeyçilərimiz birinci dəfə iştirak etdikləri Avropa çempionatında Litva komandası ilə matçı 2:1 hesabıyla öz xeyrlərinə başa çatdıraraq ilk qələbəni qazanıblar.
"A" qrupunda digər oyunda Xorvatiya və C.Kipr komandaları qarşılaşıb. Həmin görüşdə xorvatlar 3:0 hesabı ilə qalib gəliblər. Hazırda aktivində 4 xalı olan Azərbaycan və Xorvatiya yığmaları liderdirlər. Litva təmsilçiləri 3 xala sahibdirlər. Kipr komandası isə keçirdiyi hər 2 oyunda məğlub olub. Bu gün həmyerlilərimiz son qrup oyununu autsayder- C.Kipr yığmasına qarşı keçirəcəklər.
Dünən "B" qrupunda çıxış edən komandalar da II turun görüşlərini keçiriblər. Nəticələr belədir: Belarus - Türkiyə - 4:1 (1:0), Slovakiya - Yunanıstan- 1:6(1:2). Bu qrupda belarus hokkeyçiləri vahid liderdirdirlər. 2 oyundan 3 xal toplayan Yunanıstan və Slovakiya komandaları müvafiq olaraq 2-ci-3-cü yerləri tuturlar. Türkiyə yığması isə hələlik xal toplaya bilməyib. Bu gün bu qrupda da ilkin mərhələdə son oyunlar baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB