"Simurq"un yeni baş məşqçisi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, Zaqatala klubu 90-cı illərin məşhur futbolçusu, 42 yaşlı mütəxəssis Sergey Yurana tapşırılıb.
"Simurq" rəhbərliyi bir müddət əvvəl osetin məşqçi Ruslan Suanovla anlaşmağa yaxın idi. Ancaq sponsorların maliyyə vəsaitini artırması daha ambisiyalı məşqçi axtarışını şərtləndirib. Və nəticədə sonuncu iş yeri Astana "Lokomotiv"i olan Sergey Yuranla 1 illik razılıq əldə olunub.
Sergey Yuran bu gün "Şəfa" stadionunda ilk məşqinə çıxacaq.
Sergey Yuranın "Simurq"a gətirilməsi bir daha göstərir ki, zaqatalılar 1-ci dəstədə yox, Premyer Liqada oynayacaq. Əks halda, rəhbərlik bu qədər xərcə düşüb tanınmış məşqçi gətirməzdi.
Qeyd edək ki, 1969-cu ildə dünyaya gələn Sergey Yuran Ukraynanın məşhur futbolçularından hesab olunur. O, 1985-2001-ci illəri əhatə edən futbolçu karyerası ərzində Ukraynanın "Zorya", "Dinamo" (Kiyev), Rusiyanın "Spartak" (Moskva), Portuqaliyanın "Benfika", "Portu", İngiltərənin "Millvall", Almaniyanın "Fortuna" (Düsseldorf), "Bohum" və Avstriyanın "Şturm" klublarında çıxış edib, SSRİ (12 oyun, 2 qol), MDB (3 oyun) və Ukrayna (25 oyun, 5 qol) yığmalarında forma geyinib.
Ukraynalı futblolçu karyerası ərzində SSRİ çempionluğunu və kubokunu, Portuqaliya çempionluğunu və kubokunu, Rusiya çempionluğunu qazanıb.
Məşqçi karyerasına 2003-cü ildə Moskva "Spartak"ının əvəzedici heyətində başlayan Sergey Yuran daha sonra əsas komandada köməkçi işləyib. Ardınca Stavropol "Dinamo"sunda (Rusiya), "Dauqava"da (Latviya), TVMK-də (Estoniya), "Şinnik" (Rusiya) və "Ximki" (Rusiya) klublarında baş məşqçi olub. 2009-cu ildən indiyədək Astana "Lokomotiv"ində (Qazaxıstan) məşqçi kimi fəaliyyət göstərib.//azerifootball.com
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB