“Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi olub

“Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi olub

Dünən Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə ənənəvi "Qızıl Qran Pri" beynəlxalq turnirinin açılış mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən FİLA prezidenti Rafael Martinetti artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, bu ənənəvi turnirin əhəmiyyətini qeyd edib. R.Martinetti iştirakçıları salamlayıb, turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.

Açılış mərasimində çıxış edən Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov FİLA rəhbərliyinə bu turnirin Azərbaycanda təşkil edilməsinə razılıq verdiyinə görə təşəkkürünü bildirib, ölkəmizdə idmanın və idman infrastrukturunun sürətli inkişafından danışıb. Qeyd olunub ki, tarixən zəngin ənənələri olan güləş hazırda sürətli dirçəliş dövrünü yaşayır və Azərbaycan pəhləvanları böyük uğurlar qazanırlar.

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov son illər Azərbaycanda bir çox mötəbər idman yarışlarının təşkil edilməsindən danışıb, ölkə rəhbərliyinin, xüsusən dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısını qeyd edib. F.Məmmədov "Qızıl Qran Pri" Beynəlxalq Turnirinin Final mərhələsinin xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilməsini onun ölkəmizdə idmanın, xüsusilə güləşin inkişafındakı müstəsna xidmətlərinin heç vaxt yaddan cıxmadığını göstərən tədbirlərdən biri olduğunu bildirib.

Xatırladaq ki, turnirdə dünyanın 34 ölkəsindən 400-ə yaxın idmançısı medallar uğrunda mübarizə aparırlar. İlk gündə sərbəst güləşçilər mübarizəyə başlayıblar. Bu gün qadınlar, 10-da isə yunan-Roma güləşçiləri öz aralarında ən güclüləri müəyyən etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə