İrlandiyanın paytaxtı Dublin şəhərində Beynəlxalq Otüstü Hokkey Federasiyasının təşkilatçılığı ilə dünya reytinq sıralamasında 2-ci səkkizliyə daxil olan qadın otüstü hokkeyçilərdən ibarət milli komandalar arasında "Çelenc I" yarışında artıq 2-ci tura yekun vurulub. Siasport.az saytı xəbər verir ki, start oyununda İspaniya yığması ilə qarşılaşan Azərbaycan hokkeyçiləri 3 il əvvəl Bakıda keçirilən Olimpiya Təsnifat turnirindəki 2 məğlubiyyətdən 1-nin əvəzini çıxa biliblər. Matçın 32-ci dəqiqəsində Zhang Süleymanova hesabı açsa da 55-ci dəqiqədə ispanlar hesabı bərabərləşdirməyə müvəffəq olublar. Görüşün başa çatmasına 3 dəqiqə qalmış Xatirə Əliyeva komandasına qələbə qazandıran 2-ci qolu yığmamızı 2008-ci il Pekin Yay Olimpiya Oyunlarından kənarda qoyan İspaniya millisinin qapısından keçirib. "B" qrupunda İrlandiya-Hindistan matçı isə yarış sahiblərinin qələbəsi ilə nəticələnib.
Azərbaycan komandası dünən 2-ci turda İrlandiya hokkeyçiləri ilə qarşılaşıb. Qızlarımız bu dəfə məğlub olublar. Oyunun 13-cü dəqiqəsində meydan sahibləri hesabı açsalar da 5 dəqiqə keçmiş Myunsoon Məmmədova tarazlığı bərpa edib. 21-ci dəqiqədə yerli hokkeyçilər daha bir qol vuraraq 2:1 hesablı qələbə qazanıblar. İspaniya-Hindistan oyununda isə 1:1 hesabı qeydə alınıb.
Xatırladırıq ki, 2 turdan sonra İrlandiya hokkeyçiləri 6 xalla "B" qrupunda liderdirlər. İkinci yeri tutan Azərbaycan millisinin 3 xalı var. İspaniya və Hindistan yığmaları hərəyə 1 xalla 3-4-cü yerləri bölüşürlər. Digər qrupda Cənubi Afrika Respublikası və Şotlandiyanın qadın xokkeyçiləri 4 xalla müvafiq olaraq 1-2-ci yerləri tuturlar. Yaponiya təmsilçiləri 3 xalla III sıradadırlar. Dördüncü yeri tutan ABŞ komandası hələlik xal toplaya bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB