Zeynal Məmmədov: "Bu uğursuzluqda tək məşqçini günahlandırmaq olmaz"

Zeynal Məmmədov: "Bu uğursuzluqda tək məşqçini günahlandırmaq olmaz"

"Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov ötən mövsüm və klubun gələcək planları barədə fikirlərini bildirib. Siasport.az saytı vitse-prezidentin fikirlərini nəzərinizə çatdırır: "Ötən mövsüm Avroliqadakı uğursuzluqla başladı və bu uğursuzluq çempionatda da davam etdi. Avroliqada hər iki oyunda qalib gəlməyimizə baxmayaraq, mərhələ adlaya bilmədik və bu komandaya pis təsir etdi. Bunun ardından çempionat oyunları başladı. Mövsümə alman baş məşqçi Vinfrid Şeferlə başladıq və onun qarşısına minimum olaraq Avroliqaya vəsiqə qazanmaq vəzifəsini qoyuldu. Ancaq buna nail olmadıq.


Bu uğursuzluqda tək məşqçini günahlandırmaq olmaz, burada rəhbərlikdən futbolçulara qədər hamımızın günahı var.


Yeni mövsümdən tam fərqli "Bakı" görəcəksiniz. Mövsümə gənc futbolçuların əsas komandaya cəlb olunması ilə start verdik. Baş məşqçimizin istəyi ilə əvəzedici komandanın beş futbolçusu əsas komandaya gətirilib. Bundan əlavə milli komandamızın üzvü Elvin Məmmədovu və gənc futbolçu Novruz Məmmədovu komandanın heyətinə cəlb etdik.


İnfrastruktur baxımından önəmli addım attıq. Klubun bazası tikilib, istifadəyə verilib. Əsas məqsəd burada yaxşı futbolçular yetişdirməkdir. İstəyimiz budur ki, gələcəkdə əsas komandada 2-3 legioner oynasın. Qalan futbolçular isə öz yetirmələrimiz olsun. 3-4 ildir ki, bu istiqamətdə işlər aparırıq və inanırıq ki, 4-5 il ərzində istəyimizə çatacağıq. Bu məqsədlə gərək öz yetirmələrimizə gənclərə inanaq, onlara oyunlarda şans verək.


Yeni mövsümdə uğursuzluğu yaddan çıxarıb, irəli baxmalıyıq. "Bakı"nın böyük perspektivləri var və biz gələcəyin komandasını qururuq. "Bakı" gələcəyi fikirləşir və uşaq futboluna böyük diqqət ayrılır. Gələcəkdə hər istiqamətdə uğurlu olması üçün indidən işlərimizi düzgün qurmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə