"Qarabağ" klubu bir araya gəldi
"Qarabağ" Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytı xəbər verir ki, 4 gündür 12 nəfərlə məşq edən komandaya legionerlər də qoşuldu. Azərbaycan millisinin üzvləri və Adamiya komandanın düşərgəsinə qatılaraq ümumilikdə futbolçuların sayını 22-yə çatdırdılar. Amma komanda heç də tam heyətlə məşq edə bilmədi.Belə ki, günün ilk çalışması 10:15-də baş tutanda millimizin futbolçuları hələ yoldaydılar. Məşq isə trenajor zalında başladı. Yarım saatlıq çalışmanın ardından komanda meydançaya yollandı. Təxminən 80 dəqiqə davam edən çalışmada futbolçular əsasən sürət çalışmalarını yerinə yetirdilər.Günün ikinci məşqi isə 17:30-da baş tutdu. Artıq tam heyətlə toplaşan komandanın məşqindən öncə baş məşqçi Qurban Qurbanov çıxış etdi. Ardınca isə baş tutan məşqə təlim-məşq toplanışının ilk günündən düşərgədə olan, eyni zamanda Ansi Aqolli və Admir Telinin iştirakıyla toplu çalışmalar yerinə yetirildi. Milli futbolçular yol yorğunluğu səbəbindən ancaq "kvadrat"la kifayətləndilər. Zədəli Rauf Əliyev isə çalışmada iştirak etmədi.Məşqin sonunda isə tək toxunuşlu, ardınca isə sərbəst olaraq futbol oynanıldı. Təcrübəli Zaur Həşimovun başçılıq etdiyi Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov, Murad Səttarlı, Elgiz Kərəmi və Kamil Hüseynovdan ibarət komanda Bojan Pavloviç, Ansi Aqolli, Namiq Yusifov, Emin İmaməliyev, Admir Teli, Nderim Nedzipi və İlqar Qurbanovdan ibarət komandanı ümumi nəticədə 1 top fərqiylə məğlub etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə