Milli ruhda olmayan millimiz-KÖŞƏ

Milli ruhda olmayan millimiz-KÖŞƏ

Prezident İlham Əliyev: "Bizim ictimaiyyət və futbol azarkeşləri futbolçularımızdan yaxşı nəticələr, gözəl qollar və qələbələr gözləyirlər. Bu, bizim haqlı istəyimizdir"

Şübhəsiz ki, Tofiq Bəhramov adına respublika stadionuna toplaşan on minlərlə azarkeş bu matça kiçik də olsa bir ümidlə gəlmişdi. Bəlkə deyə. Çünki Qazaxıstanla oyunda bizi məyus edən və futbol adına heç bir şey ortaya qoya bilməyən yığma komandamız üçün bu matç həm də özünü bağışlatmaq imkanı idi. Amma yenə olmadı. Cəmi yarım saat yaşayan bu ümidlərimiz almanların türkəsilli futbolçusu Mesut Özilin zərbəsindən sonra puç oldu. 8 nömrəli futbolçunun 40 dərəcə bucaq altında və olduqca zəif olan vuruşu 3 futbolçumuzun baxışlarının müşayiəti ilə əvvəlcə qapı dirəyinə dəydi, sonra isə həm qapımızın torunu, həm də bizi yuxudan ayılmaq üçün silkələdi. Cəmi 11 dəqiqə sonra isə bu oyundan da boynu bükük ayrılacağımız dəqiqləşdi. Səhnəyə yenə Özil çıxdı. Bu dəfə o, Mario Qomesin vurduğu qola asistentlik etdi.

Fasilədən sonra isə son dəqiqələrdə 2 qol vuruldu. Əvvəlcə Murad Hüseynov komandamızın təsəlli qoluna imza atdı, daha sonra isə \"Maynts\"\"ın gənc hüjumçusu Andre Şürrle hesab arasındakı fərqi yenidən 2-yə çatdırdı və oyunda son nöqtəni qoydu. Beləliklə, yığma komandamız seçmə tsikldə daha bir görüşü məğlubiyyətlə başa vurdu.

Milli mübarizə harda qaldı?

Oyundan sonra keçirilən mətbuat konfransında komandamızın almaniyalı baş məşqçisi həmyerlilərinə uduzmağımızın səbəblərini açıqlayıb. Foqtsa görə, futbolçularımız matçın lik 30 dəqiqəsindən sonra aqressiv ola bilməyiblər. Bəli, cənab Foqtsun da dediyi kimi, futbolçularımız aqressivlik nümayiş etdirə bilmirlər. Futbol dilindən ünsiyyət dilinə tərcümə etsək, milli komandamızın üzvləri 30 dəqiqədən sonra mübarizə aparmağı yaddan çıxarırlar. Bunu biz Belçika ilə qarşılaşmada da, Qazaxıstanla görüşdə də, almanlarla oyunda da gördük. Mübarizənin olmadığı yerdə isə nəticə gözləmək sadəlövhlükdür.

Məşhur türk futbolçusu Əmrə Bələzoğlu bu günlərdə belə bir açıqlama verib. O, Belçika ilə görüşdən sonra haqqında çıxan dedi-qodulara münasibət bildirərkən, deyib ki, yaşımla əlaqədar olaraq 1-2 ildən sonra milli komandada oynamağı dayandırmağı və gənclərə yer verməyi düşünürdüm. Amma bundan sonra deyirəm ki, məni haqsız tənqid edənlərin, şər-böhtan danışanların acığına milli komandamız, bayrağımız, xalqımız üçün bütün gücümlə mübarizə aparmağa davam edəcəyəm: \"Milli komandada oynamaq mənim üçün milli məsələdir\".

Bəs görəsən, bizim futbolçularımız üçün milli komandada oynamaq nə ifadə edir? Milli komandanın ağırlığını daşımaq, bu bayraq altında mübarizə aparmaq, bütün xalqı, dövləti təmsil etmək Vaqif Cavadov, Rəşad Sadıqov, Rail Məlikov, Kamran Ağayev və digərləri üçün nə deməkdir? Onlar üçün bu müqəddəs vəzifə hər nəyi ifadə edir deyə bilmərik, amma milli mübarizə olmadığını tam əminliklə söyləyə bilərik. Çünki əgər elə olsaydı, oyunda rəqib zərbəsinə tuş gəlməmək üçün topdan qaçmaz, imkan tapdıqca bir küncə gizlənib, məsuliyyətin altına girməkdən yayınmaz, zədələnməsin deyə rəqiblə mübarizədən boyun qaçırmazdı. Əgər elə olmasaydı, meydanda Dənizkənarı Bulvarda gəzməyə çıxıblarmış kimi, gəzib tamaşaçıların tribunalarda süni dalğalanmalarına boylanmazdılar. Əgər belə olmasaydı, qazaxlarla məğlubiyyətdən sonra baş qaldırıb paytaxt küçələrində gəzməyə cəsarət etməzdilər. Və ən nəhayət bu gün milyonlarla vətəndaşlarımızın, futbol azarkeşlərinin haqlı qəzəblərinə tuş gəlməzdilər.

Bizim xalqımız, futbolsevərlərimiz \"Qarabağ\" futbol klubunu Almaniyanın \"Borussiya Dortmund\" komandası ilə görüşdən sonra ayaq üstə alqışladı. Baxmayaraq, ki, \"Qarabağ\" almanlara uduzmuşdu. Bu alqış onların mübarizəsinə idi. Yəni bu həm də o demək idi ki, biz qalib gəlməyəndə də alqışlamağı bilirik. Yetər ki, milli formanı daşıyan hər bir idmançı o formanın haqqını versin, dövləti üçün canla-başla mübarizə aparsın. Qazaxıstan və Almaniya ilə görüşdə ən böyük çatışmazlığımız isə bu idi - milli mübarizə məsuliyyəti.

Diaqnoz dəqiqdir, bəs müalicə?

Təbii ki, yığmamızda çatışmayan başqa cəhətlər də yetərincə idi. Berti Foqts bu səhvləri şərh edərkən deyib ki, komandamızın oyunçuları oyunda çox səhv buraxıblar, xüsusilə, son dəqiqələrdə qol buraxmağı artıq vərdiş halına gətiriblər: \"Üçüncü qol isə məni çox təəssüfləndirdi. Artıq neçənci dəfədir ki, əlavə dəqiqələrdə qol buraxırıq\".

Əvvəla onu qeyd edək ki, Foqtsun belə bir açıqlama verməsi kifayət qədər təəccüblüdür. Bu onu göstərir ki, cənab Foqts ən azından komandasının çatışmazlıqlarının bir qismini də olsa, görür. Amma maraqlıdır ki, bu səhvləri aradan qaldırmalı olan şəxs də elə Foqtsun özü olmasına baxmayaraq, o, sadəcə şikayətlənməklə kifayətlənir. Dəfələrlə belə bir səhvin təkrarlanmasına baxmayaraq, komandanın yenə eyni aqibəti yaşamasının səbəblərini alman mütəxəssisdən soruşmaq lazımdır. Elə oyunçu seçimindən tutmuş, komandanın arxa-arxaya 3 ötürmə edə bilməməsinə, mərkəzi keçən futbolçunun qapıya zərbə endirməyə cəhd etməsinə qədər bütün səhvlərin məsuliyyəti Foqtsun üzərinə düşür.

Məşhurlardan biri deyib ki, futbol çox sadə oyundur. Sadəcə, bəziləri bu sadə və gözəl oyunu mürəkkəb və çirkli hala gətirmək üçün hər şeyi edirlər. Doğrudan da, almanları seyr edərkən futbolun nə qədər sadə bir oyun olduğunu dərk edirsən. Sadəcə olaraq, komanda halında düşünüb, komanda halında davranmaq lazımdır. Hörümçək toru kimi bir-birinə calanmış ötürmələr, meydanın hər qarışı uğrunda mübarizə aparan ulduzlar əslində, futbolun nə demək olduğunu göstərirdi. Sadəcə bahalı maşınlar alıb şəhər yollarında şütüməklə, televiziyaya çıxıb müsahibələr verməklə və çoxsıfırlı müqavilələrə imza atmaqla yaxşı futbolçu olmaq mümkün deyil. Ona görə də, bu gün milli forma altında çıxış edən bu futbolçuların heç biri nə Bonişevski ola biləcək, nə də ölkə futbolunun tarixində qalacaq. Berti Foqts da futbol tariximizdə ölkəmizdə fəaliyyət göstərən alman məşqçi olmaqdan başqa heç nə ilə xatırlanmayacaq. Elə Nigeriya xalqı üçün olduğu kimi...

İjtimaiyyət futbolçularımızdan yaxşı nəticələr gözləyir

Amma bütün bunlara baxmayaraq, futbolsevərlərimiz və xalqımız gələcəyə doğru nikbin baxırlar. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, ictimaiyyət və futbol azarkeşləri futbolçularımızdan yaxşı nətijələr, gözəl qollar və qələbələr gözləyirlər: \"Bizim ictimaiyyət və futbol azarkeşləri futbolçularımızdan yaxşı nəticələr, gözəl qollar və qələbələr gözləyirlər. Bu, bizim haqlı istəyimizdir\".

Bunun üçün yetərincə əsaslarımız da var. Çünki Azərbaycan dövləti digər idman növləri kimi futbolun da inkişafı üçün müvafiq tədbirlər həyata keçirir. Azərbaycan dünyada azsaylı ölkələrdən biri, bəlkə də yeganə ölkədir ki, futbolun inkişafı üçün Dövlət Proqramı qəbul olunub və hazırda icra edilməkdədir. Onu da bilirik ki, bu gün bizə, xalqımıza bu üzüntüləri yaşadan futbolçular, məşqçilər sabah olmayacaq. Amma Azərbaycan futbolunun qələbə sədaları bütün dünyanı dolaşacaq. Sadəcə olaraq, bu gün milli komanda forması altında meydanlara çıxan futbolçular \"papaqlarını önlərinə qoyub\" yaxşı - yaxşı düşünüb, seçimlərini etməlidirlər: ya etimadı doğrultmaq üçün canla - başla mübarizə aparmalı, ya da öz xoşları ilə kənara çəkilməlidirlər.

Aqşin ŞAHİNOĞLU

("Yeni Azərbayjan" qəzeti)

Bütün xəbərlər Facebook səhifəmizdə