“Buta Palas”da Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş qəbul təşkil edilib
İyunun 6-da "Buta Palas"da Azərbaycan futbolunun 100
illiyinə həsr olunmuş qəbul təşkil edilib. SİA-nın rəsmi mənbələrə istinadən
verdiyi məlumata görə, qəbulda FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti
Mişel Platini, bir sıra xarici ölkələrin futbol federasiyalarının prezidentləri,
adlı-sanlı futbolçular və məşqçilər iştirak ediblər.
"Eurovision-2011"
mahnı müsabiqəsinin qalibləri – Azərbaycanın Eldar Qasımov–Nigar Camal dueti
qəbul iştirakçıları qarşısında çıxış edib.
AFFA-nın prezidenti Rövnəq Abdullayev, UEFA-nın prezidenti Mişel Platini, FİFA-nın
prezidenti Yozef Blatter, gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda
idmanın ən populyar və sevimli növlərindən birinin yubileyi münasibətilə
ölkəmizin idman ictimaiyyətini təbrik ediblər.
Rövnəq Abdullayev öz çıxışında qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev ölkədə
idmanın, o cümlədən futbolun inkişafına böyük diqqət yetirir. İdmanın bu növünün
inkişafına dair Dövlət Proqramı qəbul edilib. Bu gün ölkəmizdə bütün sahələrdə,
o cümlədən idmanda və bədən tərbiyəsində tərəqqi müşahidə olunur.
AFFA-nın prezidenti FİFA rəhbərinə yenidən bu vəzifəyə seçildikdən sonra ilk səfərini
məhz Azərbaycana etdiyinə görə təşəkkürünü bildirib.
UEFA-nın prezidenti Mişel Platini Azərbaycanda futbolun inkişafından söhbət
açaraq qeyd edib ki, 1911-ci ildə o vaxt Azərbaycanda işləyən almanlar və
ingilislər ilk dəfə Bakıda futbol oynamağa başlayəblar. Son 100 ildə idmanın bu
növü ölkədə çox populyarlaşıb. 1966-cı ildə Bakının "Neftçi" klubu SSRİ
çempionatında üçüncü yeri tutaraq böyük uğur qazanıb.
Mişel Platininin sözlərinə görə, əfsanəvi hakim Tofiq Bəhramov da Azərbaycan
futbolunu çox məşhurlaşdırıb. Bu gün AFFA-nın rəhbərliyi ölkədə həm peşəkar,
həm də həvəskar futbolun inkişafı üçün çox iş görür – təkcə Bakıda deyil, regionlarda
da çoxlu futbol meydançaları tikilir. O, əmin olduğunu bildirib ki, bütün bu
tədbirlər tezliklə öz səmərəsini göstərəcək.
FİFA-nın rəhbəri Yozef Blatter çıxışının əvvəlində səmimi qəbul üçün Prezident
İlham Əliyevə təşəkkür edib. FİFA prezidenti qeyd edib ki, bu gün Azərbaycan
dinamik inkişaf edən ölkədir və "biz onun bir çox istiqamətlərdə uğurlarının
şahidləriyik".
Blatterin sözlərinə görə, bu gün futbol idmanın dünyada populyar növlərindən
biridir və FİFA-nın fəaliyyətinin əsas tezisi ədalətli oyun prinsipidir.
Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O, yubiley
təntənələrində iştirak etdiklərinə görə FİFA və UEFA rəhbərlərinə təşəkkürünü
bildirib. Bu gün ölkəmizin idmançılarının qələbələrinə Azərbaycanın bütün
vətəndaşlarının sevindiklərini vurğulayan nazir ümid etdiyini bildirib ki,
tezliklə futbolçularımız da öz parlaq qələbələri ilə bizi sevindirəcəklər. Bu
gün Azərbaycan bütün dünyada tanınmış idman ölkəsinə çevrilib. Burada Avropa və
dünya çempionatları, müxtəlif beynəlxalq turnirlər yüksək səviyyədə keçirilir.
Sonra Azərbaycan futbolunun veteranları Ələkbər Məmmədova və Kazbek Tuayevə UEFA-nın
və FİFA-nın fəxri fərmanları təqdim edilib.
Qəbulda Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş sənədli film nümayiş
etdirilib.
Sonra incəsənət ustalarının konserti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB