Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransından dərhal sonra bir qrup jurnalist ona qarşı sivil aksiya keçirib. Siasport.az saytı xəbər verir ki, jurnalistlər baş məşqçiyə simvolik olaraq "aftafa kubok" və tualet kağızları hədiyyə ediblər. Bunula bağlı açıqlama almaq üçün aksiyada iştirak edən jurnalistlərdən "Fanat" İdman Agentliyinin baş redaktoru Əli Sahiblə əlaqə saxladıq. Baş redaktor ilk öncə dünya mətbuatında həqiqəti əks etdirməyən informasiyaların yayıldığını qeyd etdi: "Dünyanın bir çox mətbuat orqanları Almaniya mediasında yayılmış dezinformasiyanı mənbə olaraq götürüblər. Ona görə də, düzgün olmayan məlumatlar yayılıb. Almaniya mediasına isə Berti Foqts yalan açıqlama verib. Onlar məlumatı birtərəfli olaraq yazıblar, dəqiqləşdirib qarşı tərəfdən münasibət öyrənməyiblər. Guya Berti Foqtsa hücum olub. Aksiya zamanı orda xeyli sayda polis əməkdaşları var idi. Hər şey onların gözünün qabağında baş verdi. Nə isə olsaydı, polis əməkdaşları dərhal müdaxilə edərdilər və bizdən ən azı izahat alardılar. Foqts bunu iddia etməklə özünü biabır edir. O, Almaniya mətbuatına deyə bilərdi ki, etiraz onun işinə görə olub. Amma belə deməyib. Guya etiraz onun adına görə olub. Orda polislərlə yanaşı, AFFA-nın da əməkdaşları, media nümayəndələri də olublar, B.Foqtsa qarşı heç bir hücum olmayıb. Aftafanı da ona mən təqdim etmişəm. Aksiyaya bir neçə mətbuat orqanının əməkdaşı da qoşulmuşdu".
Daha sonra baş redaktor keçirilən sivil aksiyanın məqsədi və necə baş verdiyi haqda məlumat verdi: "Bu aksiya yalnız Berti Foqtsa qarşı idi. Burada digər birinə qarşı etiraz yox idi. Aksiyanı mətbuat konfransında keçirməyə imkan versəydilər, heç belə anlaşılmazlıq da olmazdı. Ancaq öncədən AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu buna imkan vermədi. Biz də konfrans qurtardıqdan sonra ona yaxınlaşıb əşyaları təqdim etdik. O da almadı, Aftafanı və tualet kağızlarını orda olan yeşiklərdən birinin üzərinə qoyduq, etiraz əlaməti olaraq uğultu səsi çıxardıq və hər şey bitdi. Hətta qeyd edim ki, Almaniya mətbuatına da bilərəkdən birtərəfli yanlış məlumat verilib. Bir müddət əvvəl B.Foqts hansısa ölkələrdən birinin jurnalistinin sualına "Məndən qələbə gözləyirsiniz ki?",- cavabını vermişdi. Daha sonra B.Foqtsun mətbuata çıxıb "2014-cü ildə dünya çempionatında iştirak edəcəyik",- deməsi gülüncdür. B.Foqts xalqın heysiyyatı ilə oynayıb. Biz də buna görə, aftafanı 2014-cü ilin kuboku kimi ona təqdim etdik. B.Foqts Avropadan gəlmiş insandır, o da bunun sivil qayda olduğunu başa düşməli idi".
Bunun Azərbaycanın imicinə heç bir xələl gətirmədiyini vurğulayan baş redaktor 17 yaşadək qızlardan ibarət yığmamızın tərkibində "lipa" olmasının AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən UEFA-ya bildiriləməsi və yığmamızı UEFA-nın cəzalandırmasını misal göstərib: "Bəs bu imicimizə ziyan vurmadı?".
"Bizim qürurumuzu alman niyə tapdalamalıdır?",-deyən Ə.Sahib \"Eurovision\"da əldə etdiyimiz uğurun məhz Azərbaycan mütəxəssisləri hesabına qazanıldığını, futbolda niyə xarici mütəxəssisdən uğur gözlədiyimizi qeyd edib. O, almaniyalı qovulsa, başqası gətirilsə və əgər yenə uğursuz işləsə, yenə belə etiraz edəcəklərini vurğulayıb.
Ə.Sahib Almaniya ilə oyundan sonra B.Foqts istefa verərsə, kimlərinsə "Nəticə vermədiyi üçün onu qovduq",-deyə qəhramana çevrilməsini istəmədiyini deyib. O, bu uğursuzluqları görüb, B.Foqtsu komandada saxlayanların da cavab verməsini istədiyini vurğulayıb.
"Azərbaycanın bəzi mətbuat orqanlarına da aksiyamızın sivil formada etiraz kimi yazdığına görə minnətdarlığımı bildirirəm. Dünya mətbuatında yayılan yanlış məlumatlara görə səsimizi onlara da çatdırmağa çalışacağıq",- deyə sonda Ə.Sahib əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB