Qazaxıstanın “Milli” məşqi!

Qazaxıstanın “Milli” məşqi!

Ölkə ictimaiyyəti demək olar ki, aprel ayından bu oyuna köklənmişdi. Millimizin AVRO-2012-nin seçmə mərhələsinin ilk turlarında qazandığı 3 xal mən də daxil olmaqla çoxlarını qazaxlarala oyunu ümidlə gözləməyə vadar edirdi. Bəlkə də müstəqillik dönəmində ilk dəfə biz beynəlxalq aləmdə 5 xallıq sindromu qıra biləcək, nəhayət qrup "autsayder"i damğasını üstümüzdən atacaqdıq. Elə bu "bəlkə" olaraq da qaldı.

Dünən meydanada tarix yazmağa hazır oyunçular yox, tarixin şərinə ilişib-qalan futbolçular gördüm… Çox təəssüf ki, bəlkə də həyatlarında ilk dəfə 6-cı xallarını görə biləcək milli üzvləri bu sevinci matçdan əvvəl dadmışdılar ki, qarşılaşmada bu hissin həyəcanı onlara oynamağa imkan vermirdi. Bəsid ötürmə verməkdə belə çətinlik çəkən millilər qələbə dalınca getdikləri Qazaxıstandan "biabırçılıq" astanasından geri döndülər. (Yəni 3-cü qolu buraxmadılar.☺) Nə idi bəs səbəb? Gəlin bu sual ətrafında düşünək. Süni örtüklü meydan, rəqibin yaxşı oynaması, Berti Foqtsun bacarıqsızlığı, yoxsa futbolçularımızın qeyri-peşəkarlığı?

Məncə birinci səbəbi futbolçularımızın dillərinə gətirməyə haqları yoxdur. Çünki "Azərbaycan Premyer Liqası" "Old Traford" standartlı stadionlarda keçirilmir. İki turdan bir "Şəfa"da oynayan futbolçular sizlər deyilsiz? Rəqib heç də Avropada hörmət olunan rəqib deyil. Əlbəttə rəqibə xor baxmıram, ən azından 14 top buraxıb, bir oyunda debütantlar hesabına iki qol vurub. Özü də qələbə dalınca gedən və də həyatlarının oyunlarına çıxdıqlarını deyən millimizə. Əhsən!


Bəs günah Berti Foqtsda idi? Məncə bu sualın cavabı 50-nin 50-ə dir. Heyətlə bağlı bir Vüqar Nadirovun ehtiyatda saxlanılması məncə almanın səhvi idi. Onun səhvi bir də qazaxlarla oyun öncəsi özündən razı çıxışı. Bəs meydanda oynayan, təkbətək epizodları qaçıran, öz oyunçumuz əvəzinə qazaxlara ideal ötürmə verən də Foqts idi? Əlbətdə ki, yox! Meydana çıxan oyunçular arasında tək can-başla oynayan Əfran İsmayılova
"halal olsun" düşür. Gənc istedad oyunda yeganə qolumuzun epizodunu deyərdim ki, tək başına yaratdı və verdiyi gözəl ötürməni Vüqar fərdi ustalıq hesabına tora saldı. Baxın 11 oyunçudan sadəcə Əfranı ürəklə vurğulamaq olur. Bəs qalan 10-u? İndi siz deyin futbolumuzun 100 illiyində, Almaniya oyununda sizlərdən nə gözləyək?

Bütün xəbərlər Facebook səhifəmizdə