Bildiyimiz kimi Azərbaycan idmanının xoş sorağı möhtəşəm yarışlardan eşidilməkdədir. İdmançılarımız daima möhtəşəm uğurları ilə bizləri sevindirirlər. Bütün uğurların təməli isə heç şübhəsiz ki, uşaq idmanından başlanır. Respublikamızın hər bir bölgəsində idmana xüsusi diqqət və qayğı göstərilir. Bütün bu qayğıların nəticəsidir ki, gənclərimiz idmana sonsuz həvəs göstərirlər. Belə gənclərimizdən biri ilə hörmətli oxucularımızı tanış etmək istəyirik:
Raul Ramin oğlu Həsənov idmanın ən geniş növlərindən biri olan sərbəst güləşlə məşğul olur. 8 yaşından bu güləş növü ilə məşğul olan Raul mütəmadi olaraq Gəncədə, Şamaxıda və s. rayonlarda güləş üzrə təşkil olunan yarışlarda dəfələrlə I, II, III yerlərə layiq görülüb.
Qonşu Gürcüstan Respublikasında keçirilən yarışda da Raul bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülmüş və Azərbaycanımızın adını yüksəklərə qaldırmışdır.
Raulu bu idman növü ilə məşğul olmağa atası həvəsləndirib. Artıq yarışlarda qələbə qazanan Raul mart ayının 11-də Bakı çempionatına vəsiqə qazanıbdır. 71 kq çəki dərəcəsində yarışa qatılacaq Raul inanırıq ki, bu çempionatda da sevindirici yerə layiq görüləcəkdir. Məşqçi Valeh İsmayılova dərin minnətdarlığını bildirən Raul həmçinin qeyd etdi: “Mənim əldə etdiyim bütün nailiyyətlərə görə atama və məşqçimə daim borcluyam.”
Sonda onu da qeyd edək ki, Raulun bu günlərdə ad günüdür. Gənc idmançını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, bu şərəfli yolda uğurlar arzulayırıq. Raulun uğurlarına xüsusilə «Son Dakika» mətbəəsinin təsisçisi Xalil Kan da qoşularaq onun arzularının daim reallaşması üçün əlindən gələni əsirgəməyəcəyini vurğuladı. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!
Bütün xəbərlər Facebook səhifəmizdə