Futbol üzrə Azərbaycan 2-ci Liqasında mübarizə aparan Xaçmazın “Şimal” futbol klubu heyətini beş yeni futbolçu ilə gücləndirib. SİA xəbər verir ki, “Şimal”a yeni transfer olunan futbolçulardan Valeh Seyidov hücumçu, Əmrah Məmmədli qapıçı, İsa Cəbiyev yarımmüdafiəçi, Said Əliyev və Elvin Dəmirov isə müdafiəçi mövqeyində oynayır. V.Seyidovun son klubu “Dinamo”(Bakı), İ.Cəbiyevin “Şirvan OİK”, Ə.Məmmədlinin “Cəbrayıl”, S.Əliyevin “Şahdağ” (Qusar), E.Dəmirovun isə “Baku Sportinq” komandası olub.
Hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan komanda ikinci dövrəyə daha iddialı başlamaq niyyətindədir. Komanda XIV tur çərçivəsində mart ayının 1-də səfərdə “Ağdaş” klubu ilə qarşılaşacaq. Hesabında 10 xalı olan ağdaşlılar 11-ci pillədə yer alır.
İlk dövrənin yekun nəticələrinə əsasən, “Şimal” 13 turdan sonra 31 xalla 3-cü pillədə qərarlaşıb və medallar uğrunda mübarizə aparır. Rəqib qapılarından 35 top keçirən “Şimal”, öz qapısından cəmi 12 qol buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə