Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə qızıl medal qazanıb.
SİA xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Kanadanı təmsil edən Fransua Qotye Drapönü məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
73 kiloqramda Rəşid Məmmədəliyev həlledici qarşılaşmada dünya ikincisi olan yaponiyalı cüdoçu Tatsuki İşiharaya uduzaraq gümüş mükafata yiyələnib.
Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə üçüncü yer uğrunda gənclər arasında dünya çempionu digər Yaponiya idmançısı Ryuqa Tanakanı üstələyərək bürünc medala sahib çıxıb.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur. Turnirdə ümumilikdə 36 ölkədən 258 cüdoçu medallar uğrunda mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə