İdman federasiyalarının nümayəndələri ilə görüş - FOTOLAR

Gənclər və idman nazirliyində idman federasiyalarının nümayəndələri ilə növbəti görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında (AİA) təşkil olunan görüşdə nazir Fərid Qayıbov federasiya nümayəndələrini “Paris-2024” Yay Olimpiya Oyunlarında, eləcə də Yay Paralimpiya Oyunlarında qazanılan uğurlar münasibətilə təbrik edib. Nazir son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.

Görüşdə Alman idman mütəxəssisi Matthias Frederix Hahn idman tibbi mövzusunda çıxış edib. Sonra “Paris-2024” Yay Olimpiya Oyunları ilə bağlı hesabat dinlənilib, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq barədə, həmçinin beynəlxalq federasiyalara seçkilərdə təmsil olunma məsələləri, Azərbaycan İdman Akademiyasına qəbul, idman federasiyalarının sosial media fəaliyyəti haqqında məlumat verilib.

Tədbirdə Azərbaycan Badminton Federasiyasının strateji inkişaf planı təqdim edilib və AMADA-nın təqdimatı dinlənilib. Həmçinin UGİM-lərin fəaliyyəti, idman psixoloqlarının hazırlanması, texniki reqlamentin yeni versiyasının nəşrə hazırlanması və digər məsələlər müzakirə edilib.

Regionlarda seleksiya işlərinin aparılması və digər məsələlərlə bağlı müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə