Fərid Qayıbov "Birbaşa Bakı" komandası ilə görüşüb - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Polşada təşkil olunan minifutbol üzrə Avropa Çempionlar Liqasının qalibi olan “Birbaşa Bakı”komandası ilə görüşüb. SİA-nın məlumatına görə, toplantıda məşqçi və oyunçuların yarışla bağlı təəssüratları dinlənilib.

Ölkəmizi turnirdə layiqincə təmsil etdiklərinə və qazanılan yüksək nailiyyətə görə onları təbrik edən nazir və federasiya prezidenti bu qələbənin Azərbaycanda minifutbolun inkişafının bariz nümunəsi kimi qiymətləndiriblər.

Fərid Qayıbovun sözlərinə görə, milli Avropa çempionu olduqdan sonra minifutbola maraq artıb:

"Federasiyanın gördüyü işlərin, milli çempionatı yüksək səviyyədə keçirməsinin nəticəsidir ki, klublarımız və millimiz beynəlxalq arenada uğurlu nəticələr əldə ediblər".

Orxan Məmmədov xoş sözlərə görə nazirə təşəkkürünü çatdırıb. Bütün idman növlərində olduğu kimi, minifutbola da dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edən edən federasiya rəhbəri bu amilin uğurların qazanılması üçün əlavə stimulm olduğunu deyib.

"Birbaşa Bakı" komandasının təsisçisi Ramin Hacıyev isə nazir və federasiya prezidentinə xoş sözlərə və diqqətə görə minnətdarlığını bildirib. Komandanın Çempionlar Liqasında qələbə qazanmasını Azərbaycanın bir daha idman ölkəsi olması ilə əlaqələndirən klub rəsmisi gələcəkdə beynəlxalq arenalarda uğur qazanmaq üçün daha səylə çalışacaqlarını vurğulayıb. Görüşdə həmçinin komanda üzvləri yarışla bağlı təəssüratlarını bölüşüblər.

Sonda "Birbaşa Bakı" komandasının forması nazir Fərid Qayıbova təqdim olunub və xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə