Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə təşkil olunan minifutbol çempionatına yekun vurulub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, final oyununu izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Hikmət Osmanov və başqaları olub.

Əvvəlcə üçüncü yer uğrunda nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və DOST Agentliyin komandaları mübarizə aparıb. DSMF-nin komandası 2:1 hesabı ilə qalib gələrək çempionatda 3-cü yeri tutub.

Final oyununda isə nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin və Dövlət Məşğulluq Agentliyin komandaları qarşılaşıblar.

Oyundan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Gərgin mübarizə şəraitində keçən oyunda Sosial Xidmətlər Agentliyinin komandası rəqibini 3:0 hesabı ilə məğlub edərək nazirlik üzrə keçirilən minifutbol çempionatının qalibi olub.

Final oyunlarını idarə edən hakimlərə və turnirin ən məhsuldar oyunçusuna diplomlar, çempion komandaya kubok, diplom və medallar, II və III yeri tutmuş komandalara diplom və medallar təqdim edilib.

Qeyd edək ki, mayın 11-dən başlanan minifutbol çempionatında nazirliyin qurumları üzrə ümumilikdə 12 komanda mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə