“İlk dünya çempionatının qalibi olmaq üçün əlimizdən gələni edəcəyik” - Elçin Camallı

“İlk dünya çempionatının qalibi olmaq üçün əlimizdən gələni edəcəyik” - Elçin Camallı

“Qələbə qazanacağımıza inanırdıq. Çünki bu yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Azarkeşlərin dəstəyi də bizə ruh yüksəkliyi verirdi. İlk gündən artıq çempionatın maraqlı keçəcəyi bəlli oldu. Əlimizdən gələni edəcəyik ki, ilk dünya çempionatının qalibi olaq. Çünki Azərbaycan qalib xalqdır və bizə yalnız qələbə yaraşır”. SİA xəbər verir ki, ölkəmizdə ilk dəfə keçirilən “Çövkən” üzrə Dünya Çempionatında iştirak edən milli yığmamızın kapitanı Elçin Camallı deyib.

E.Camallı yarışda iştirak edən komandalar arasında favoritini də qeyd edib. O, çempionatda güclü komandalar arasında Almaniya, Mərakeş və Nigeriyanın adını sadalayıb: “Bütün komandalar çempionata hazırlıqlı gəlib. Müəyyən komandaların iştirakçılarını beynəlxalq yarışlardan şəxsən tanıyıram. Ümid edirik ki, layiq olan qalib gələcək. Bəzi komandalar çövkən idman növündə yeni olduqları üçün bizdən iştirakçı baxımından dəstək istədilər. Həmin komandalarda bir nəfər azərbaycanlı idmançı iştirak edir. Amma bu sadəcə builki yarışa aiddir”.

Milli yığmamızın kapitanı sonda hər bir iştirakçıya və öz komanda yoldaşlarına uğurlar arzulayıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə