Maradonanı müalicə edən səkkiz həkimin məhkəməsi təxirə salınıb

Argentinada futbol üzrə dünya çempionu Dieqo Maradonanın ölümünə səbəb olduğu hesab edilən səkkiz tibb işçisinə qarşı məhkəmə prosesi oktyabr ayınadək təxirə salınıb. SİA xəbər verir ki, may ayında başlaması nəzərdə tutulan məhkəmə prosesi “dinləmələrdən öncə həll edilməli olan bir sıra məsələlərə görə” oktyabrın 1-nə keçirilib. Məhkəmə, həmçinin Dieqo Maradonanın varislərinin onun nəşinin qəbiristanlıqdan çıxarılaraq Buenos-Ayresin mərkəzində futbolçunun şərəfinə tikilən sərdabəyə köçürülməsi tələbini rədd edib.

Argentina prokurorluğu Maradonanın səhhətinə cavabdeh olan tibb işçilərini səhlənkarlıqda və futbolçunu köməksiz qoymaqda ittiham edir. Günahları sübut olunsa, beş həkim və üç tibb bacısı 8 ildən 25 ilədək həbs cəzasına məhkum edilə bilər.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında vəfat edib. 2021-ci ilin aprelində futbol əfsanəsinin ölümünü araşdırmaq məqsədilə yaradılan tibbi ekspert komissiyası prokurorluq üçün müvafiq hesabat hazırlayıb. Komissiya idmançının səhhəti üçün məsuliyyət daşıyan həkim briqadasının işinin qənaətbəxş olmadığını müəyyənləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə