Şumaxerin ailəsinə təzminat ödəniləcək

"Funke” nəşriyyatı süni intellektin yaratdığı saxta müsahibəni dərc etdiyinə görə yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin ailəsinə 200 min avro təzminat ödəyəcək. SİA xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

2023-cü ilin aprelində “Funke”nin “Die Aktuelle” jurnalı ciddi kəllə-beyin travması keçirdikdən sonra 2013-cü ildən bəri ictimaiyyətə görünməyən Şumaxerlə eksklüziv müsahibə kimi təqdim olunan məqalə dərc edib.

Sonradan məlum olub ki, məqalə süni intellektə malik “chatbot” tərəfindən yaradılıb. Media şirkəti ictimaiyyət qarşısında üzr istəyib və nəşrə cavabdeh olan baş redaktor Enn Hoffmanı işdən çıxarıb.

Bu gün məlum olub ki, yarışçının ailəsinə 200 min avro təzminat ödəniləcək.

Qeyd edək ki, Şumaxer 2013-cü ilin dekabrın 29-da Fransanın Meribel şəhərində xizək sürərkən yıxılıb. Əfsanəvi pilotun beyninin hər iki yarımkürəsi travmatik zədə alıb. O, uzun müddət komada qalıb. 2018-ci ilin dekabrında Şumaxerin artıq yataq xəstəsi olmadığı və süni nəfəs aparatına ehtiyac qalmadığı bildirilib. 2019-cu ilin sentyabrında idmançının gizli şəkildə Paris klinikalarından birində xəstəxanaya yerləşdirildiyi və orada kök hüceyrə müalicəsi aldığı barədə məlumatlar ortaya çıxıb. 2020-ci ilin iyun ayında mətbuatda Şumaxerin yeni kök hüceyrə transplantasiyası əməliyyatı keçirəcəyi barədə xəbəri yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə