Voleybol üzrə Azərbaycan çempionatı Yüksək Liqasının bağlanış mərasimi keçirilib - FOTOLAR

Bu gün voleybol üzrə Azərbaycan çempionatı Yüksək Liqasının mükafatlandırma və bağlanış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti Georgi Kartvelişvili iştirak edib.

Mərasimdə ilk olaraq çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qələbə münasibətilə “Azərreyl”i təbrik edib: “Bu gün növbəti idman bayramıdır. Azərbaycanda voleybolun dirçəlişinin şahidi oluruq. Dünən və bu gün meydanda izlədiyimiz mübarizə onu göstərir ki, ölkəmizdə bu idman növü xeyli inkişaf edib”.

Daha sonra AVF-nin prezidenti Şahin Bağırov federasiya adından qalibləri təbrik edib. O bildirib ki, Azərbaycanda voleybol idman növünün ənənəsi çox böyükdür: “Milli komandamız müxtəlif idman arenalarında bayrağımızı yüksəklərə qaldırır. Ulu Öndərin ideyaları əsasında Azərbaycan hər sahədə, o cümlədən idman sahəsində inkişaf edir”.

Sonda Ş.Bağırov qalibləri, məşqçiləri, hakimləri, ümumilikdə bu prosesdə iştirak edən hər kəsi təbrik edib: “Ümumi əmək nəticəsində biz möhtəşəm çempionatın şahidi olduq. Bu uzun yolda bizə dəstək göstərən sponsor şirkətlərə minnətdarlığımı bildirirəm. Bizim hədəflərimizdən biri gənclər arasında voleybola olan marağı artırmaqdır. İstəyirik ki, bir müddətdən sonra onlar da artıq idmançı kimi daha yaxşı nailiyyətlər əldə etsinlər. Bütün iştirakçəları təbrik edir və gələcək oyunlarda uğurlar arzu edirəm”.

Çıxışlardan sonra kişilərdə və qadınlardan çempionluq yaşayan "Azərreyl" klubuna qızıl medallar təqdim olunub.

Kişlərdə gümüş medallar "Murov Az Terminal"a, bürüncü isə "Neftçi" komandasına təqdim olunub.

Qadınlarda isə gümüş medallar "Abşeron"a, bürünc isə "Murov Az Terminal"a verilib.

Qeyd edək ki, medal və mükafatları MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AVF-nin prezidenti Şahin Bağırov, AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Faiq Qarayev, MOK-un baş katibi Azər Əliyev, GVF prezidenti Georgi Kartvelişvili təqdim edib.

Sonda qadın və kişi voleybolçular arasında çempion komandalara MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AVF-nin prezidenti Şahin Bağırov tərəfindən kubok verilib.
Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə