“Türkiyə futbolunun problemi hakimlər deyil” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Türkiyə futbolunun problemi hakimlər deyil. Türkiyə futbolunun problemi qeyri-peşəkar klub idarəçiləridir. Hansı ki, onlar milyonları xərcləyirlər, nəticə olmadıqda isə “günah keçisi” axtarırlar. Ən rahat qurban da hakimlərdir. Bu gün Türkiyə futbolunda ən xırda hakim səhvi belə qlobal faciə kimi qələmə verilir. Telekanallar qarşılaşmalardan sonra hakim səhvlərini saatlarla müzakirə edirlər. Aydın hiss olunur ki, onlar klublardan gələn sifarişi yerinə yetirirlər”. Bu sözləri SİA-ya danışan idman eksperti Natiq Muxtarlı deyib.

Ekspert qeyd edib ki, hakim səhvləri dünyanın hər yerində olur: "Məsələn, İngiltərə Premyer Liqasında bu mövsüm VAR hakimləri 20 kobud səhvlə yadda qalıblar. Bu səhvlərin 6-sı “Liverpul”a qarşı olub. Yəni “Liverpul” sırf VAR hakimlərinin səhvi ucbatından xeyli xal itirib. Bəlkə də bu səhvlər “Liverpul”a çempionluq bahasına başa gələcək. İndi “Liverpul” nə etməlidir? Deməlidir ki, Premyer Liqanı tərk edib Türkiyə Super Liqasına keçirəm? Onlar bu səhvləri heç müzakirə belə etmirlər".

Natiq Muxtarlının sözlərinə görə, xarici VAR hakimlərinin gəlişi Türkiyə futbolunda heç nəyi dəyişməyəcək: "Lap meydan hakimlərini də əcnəbilərlə əvəz etsələr, eyni tendensiya olacaq. Yəni hakim səhvləri yenə də baş verəcək. Və klublara da “günah keçisi” lazım gələcək. Bu dəfə başlayacaqlar əcnəbi hakimləri tənqid etməyə”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə