Azərbaycanın iki boksçusu yarımfinala yüksəlib

Azərbaycanın iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində yarımfinala yüksəlib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Boks Federasiyasından bildiriblər ki, Bilalhəbaşi Nəzərov (48 kiloqram) irlandiyalı Skott Tompsonla qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gələcək.

Ömər Aslanlı (54 kiloqram) da komanda yoldaşının uğurunu təkrarlayıb. Turner Cozef Ceymslə (İngiltərə) qarşılaşan idmançı 4:3 hesabı ilə qələbə qazanıb. O, finala gedən yolda Atanas Dinkovu (Bolqarıstan) sınağa çəkəcək.

Azərbaycan boksçuları yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər. Bu mərhələnin görüşləri aprelin 12-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə