Azərbaycanda uşaq idmanına maraq hansı səviyyədədir? - MÜTƏXƏSSİSLƏR DANIŞDI
İdmanın insan həyatındakı rolu çox önəmlidir. Kompüter və televizorun həyatımıza daxil olması ilə uşaqlar idmandan uzaq oturaq həyat tərzinə keçid ediblər.
Bəs, uşaqlar üçün idmanın faydaları nələrdir? Uşaqlara idman müəllimi seçərkən nələrə diqqət etməliyik? Ümumiyyətlə, Azərbaycanda uşaq idmanı hansı səviyyədə inkişaf edib. Övladlarımızı idmana minimum neçə yaşından yazdırmaq mümkündür?
Uşaqlar üçün idmanın faydaları
İdman uşağın psixoloji, sosial və fiziki inkişafına kömək edir. Fərdi idman növləri özünə inamın və məsuliyyət götürmə qabiliyyətinin inkişafına töhfə verərkən, komanda idmanı bir-birinə kömək etməyi və fərdi ambisiyaları idarə etməyə müsbət təsir göstərir.
İdmanla məşğul olan uşaq vaxtını düzgün istifadə etməyi öyrəndiyinə görə, məktəbdə uğur qazanır. Müntəzəm fiziki fəaliyyətlə uşağın gücü və dözümlülüyü artır, sümük inkişafına müsbət təsir edir, çəkiyə nəzarət əldə edilir. İdmanla, hərəkətsizlik və artıq çəki nəticəsində yetkinlik dövründə inkişaf edə biləcək ürək-damar xəstəliklərinin, diabetin və digər sağlamlıq problemlərinin qarşısını almaq olar.
İdmana başlamazdan əvvəl uşağın idmanla məşğul olmasına mane ola biləcək sağlamlıq probleminin olub-olmadığı qiymətləndirilməlidir. Uşağın yaşı, anatomik-funksional quruluşu və gücü nəzərə alınaraq hansı idman növləri ilə məşğul olmaq üçün uyğun olduğuna qərar verilir.
Hansı idman növü neçə yaşda olmalıdır?
5-7 yaş arası, yəni erkən uşaqlıq dövründə olan uşaqlar müntəzəm idman yerinə qaçış, tullanma, üzgüçülük kimi bütün bədən hərəkətlərini əhatə edən və böyük əzələ qruplarını işlədən fəaliyyətlərə üstünlük verməlidirlər. Yaradıcılığı və tədqiqatı inkişaf etdirən oyunlar və sadə fiqurlarla rəqs fəaliyyətləri dəstəklənməlidir. Bu yaş qrupunda uşaq daha çox fərdi olduğu üçün onları fərdi fəaliyyətə yönəltmək lazımdır.
Orta uşaqlıqda, yəni təxminən 8-9 yaşlarında yuxarıda qeyd olunan fəaliyyətlərdən əlavə velosiped sürmək, komanda idmanı, öyrənmə fəaliyyətləri Kompleks fiqurları əhatə edən əsas idman hərəkətləri və rəqs fəaliyyətləri başlana bilər. Bu yaş dövründə qrup fəaliyyətləri ola bilər. Komanda mübarizəsi liderliyin və şəxsi nizam-intizamın inkişafı üçün vacibdir. Hər bir uşağa rəhbərlik etmək şansı verilməlidir.
10 yaşından sonra yarış tərzi fərdi, komanda idmanları və qrup fəaliyyətləri şəklində ola bilər.
Xüsusi idman sahələri üzrə təhsil almaq üçün uyğun yaşlar
Gimnastika, futbol, basketbol, voleybol, atletika, tennis, xizək idmanı üzrə 9-11 yaş, güləş üzrə 12 yaş, velosiped idmanı üzrə 14 yaş, ağır atletika üzrə 15-16 yaş, boks üzrə 17 yaş.
SİA mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.

Powerlifting idman növü üzrə öz şəxsi çəkisindən dörd dəfə çox ağırlıq qaldıran, Peşəkar Divizionda (ProDivision) çempion və dünya rekordunu qıran ilk azərbaycanlı idmançı olan Rövşən Xəlilov:“Azərbaycanda 2 növ idman var: olimpiada və qeyri-olimpiya idman növləri. Olimpiya idman növlərində valideynlərin və məşqçilərin marağı böyük olduğu üçün uşaqları cəlb edə bilirlər. Çünki bu idman növlərində dövlət mükafatları, uşaqların təhsili ilə bağlı verilən vədlər daha çoxdur. Yəni, burada müəllimlərin, valideynlərin və uşaqların gələcəyi üçün perspektiv var deyə, olimpiya idman növlərinə daha çox maraq göstərirlər. Məsələn, güləş, cüdo, futbol, gimnastika.
Bunlarla yanaşı qeyri-olimpiya növlərinə o dərəcədə maraq yoxdur. Çünki mükafat cəhətdən onlar olimpiya idman növləri ilə müqayisədə çox azdır və yaxud da elə bir mükafatlanma olur ki, o illərini o idmana həsr etməyə dəymir.
Olimpiya idman növlərində də xüsusi federasiyalar var ki, həqiqətən də uşaqların inkişafında böyük təkan göstərirlər. Gedirlər məktəblərə, rayonlara, kəndlərə baxırlar və perspektivli, güclü uşaqları seçirlər. Həmin uşaqların valideynləri ilə danışır, Bakıda təlimlərə cəlb edir, yarışlar keçirir və oradan uğurlu olanları seçirlər. 7, 13 , 15 yaş qruplarına üstünlük verirlər.
Amma qeyri-olimpiya idman növlərinə maraq o qədər də deyil. Təsadüfi hansısa idman növləri var ki, məsələn karatedir, kinq-boksinqdir, pau-liftinqdir. Yəni bu idman növləri nisbətən olimpiya idman növlərinə baxanda çox geridə qalır. Uşaqları cəlb etmək çətin olur. Çünki uşaqlar valideynlərdən asılı olduğu üçün valideynlərlə danışıqlar getməlidir. Valideyn də baxır ki, perspektiv yoxdur, uşaq bu idman növündə gələcəyini qura bilmirsə, nəyə görə onu seçsin. Ona görə də olimpiya idman növlərində federasiyalar bu işlə məşğuldur, uğurlu da alınır.
Olimpiya idman növlərində uşağa vəd verirlər ki, sən çempion olsan ali təhsil alacaqsan, bədən akademiyasında dövlət işində işləyə bilərsən. Yəni, qalib olandan sonra mükafatlar ala bilərsən. Ancaq təəssüflər olsun ki, qeyri-olimpiya idman növlərində o qədər də diqqət və qayğı, böyük vədlər olmadığı üçün valideynlər, uşaqlar və məşqçilər bu idman növündə o qədər də uğurlu ola bilmirlər, yəni tələbə cəlb edə bilmirlər. Amma qeyri-olimpiya növündə isə bu çox asan məsələdir. Bunda nəsə alınarsa, onunla məşğul olurlar 5-10 il və əla uğur əldə edirlər. Amma təəssüf ki qeyri-olimpiya idman növlərində bu çox da özünü doğrultmur”.
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov: “Azərbaycanda idmana böyük bir dəstək var. Ali Baş Komandanın Milli Olimpiya Komitəsinin prezidenti işlədiyi dövrdə idmana böyük yatırımlar etdi. Ulu Öndər Heydər Əliyevin dövründə də idmana böyük maraq və dəstək vardı. Yaradılan şəraitdə tədricən idmançıların inkişafı istiqamətində böyük işlər gedirdi.
Ali Baş Komandan artıq Olimpiya komitəsinin Vitse-Prezidenti seçildikdən və dövlət başçısı olandan sonra idmana böyük bir dəstək oldu. İdman qurumları inşa olunmağa, olimpiya kompleksləri tikilməyə başladı, bütün idman qurumları yenidən yüksək səviyyədə təmir olundu. Yəni, burada məsələ dövlətimiz tərəfindən gənc nəslin sağlam təfəkkürlü inkişaf etməsi idi. Bu baxımdan da böyük işlər görülürdü. Məşqçilərin təhsil alması, savadlanması baxımından işlər gedirdi.
Yeni nəslin yüksək intellektual səviyyədə inkişaf etməsi, sağlam böyüməsi yönündə dövlətimiz tərəfdən böyük işlər görülür. Bu baxımdan bugün biz onun xeyrini görməyə başlamışıq.
Bilirik ki, Azərbaycan xalqı istedadlı xalqdır. Yəni burada dahi idmançılar, istedadlar yetişir, dünyaya gəlir. İnkişaf etdirən təlim-tərbiyə işi ilə məşğul olan müəllimlər, məşqçilər, pedaqoqlar artıq dövlətimizdə var. Bugün uşaq idmanına olan dəstək bəlkə də dünyanın heç bir yerində yoxdur, amma dövlətimiz tərəfindən bu artıq həyata keçirilib. Bilirsiniz ki, idmana yeniyetmə, cavan, uşaq yaşından daha çox axın var. Ümumiyyətlə bütün idmana, futbol, basketbol, voleybol, güləş, kinq-boks bütün idman növünə həddindən artıq çox böyük axın var. Dövlətin dəstəyini, verdiyi dəyəri gənc nəsil, məşqçilər bunlar hamısı yüksək əhval-ruhiyyədə sevə-sevə həyata keçirməyə çalışırlar. Bu baxımdan dövlətimizdə hər bir sahədə olduğu kimi idmanda da böyük bir sıçrayış və uğurlar var. Bu uğurların da təməlini başda Ali Baş Komandan olmaqla yaradılan şərait, dövlət başçımız tərəfindən tərəfindən verilən dəstəyin, dəyərin qiymətidir ki, bugün idmançılarımız beynəlxalq arenada uğurlar əldə edirlər”.
MMA məşqçisi, "TT Fight" döyüş klubunun baş məşqçisi Şəhriyar Abbasov: “Azərbaycanda bütün idman növləri inkişaf etdirilməlidir. Bu dövlətin xüsusi marağında olmalıdır.
Son zamanlar turnirlər az keçirilir. Mənə qalsa, mən bütün federasiya rəhbərlərini buraxaram. Onlar 20-30 ildir oturub işləmirlər. Bu da idmanın yerində sayması və inkişafdan qalması deməkdir. Son vaxtlar narkomaniyanın yayılması birbaşa bununla bağlıdır. Uşaqlar idmandan kənar düşür. Yaxşı olar ki, onlar enerjilərini idmanda boşaltsınlar, sağlam yetişsinlər. Həyəcan siqnalı vermək lazımdır. İdmanla bağlı inkişaf proqramı hazırlanmalıdır.
Uşaq idmanı yoxdursa inkişaf necə ola bilər? İdmançılar bundan da çox uğur qazana bilərlər. Onlara daxildə rəqabət lazımdır. Çünki idman rəqabətlə inkişaf edir. Hər bir şey rəqabətdən doğur. Təəssüflər olsun ki, bu gün idman acınacaqlı durumdadır.
Narkomaniya niyə artır? İnsan gündə 1-2 dəfə məşqə gedirsə, o insan enerjisini orada buraxır və əlavə işlərə vaxtı olmur. İdman önəmlidir.
Federasiyalar hamısı buraxılmalıdır ki, yeni format yaransın. Zallar bomboş qalıb. Dövlət bu zallar üçün böyük maliyyə vəsaiti ayırıb”.

15 yaşlı boksçu Tunar Əliyev: “Qazax rayonu Ağköynək kəndində doğulmuşam. 9 yaşımdan boks ilə məşğulam. Artıq 6 ildir.
İdmanla məşğul olmaq özümün istəyidir. Heç kim mənə bu barədə məsləhət etməyib. Özümün böyük bir marağım var. Yalnız irəli getmək bir qədər çətindir.
İlk yarışım 2019-cu ildə Ağstafa rayonunda olub. Qazaxda Solaxay boks məktəbində məşqlərdə olmuşam. 2 dəfə gürcüstanlı uşaqlar arasında çempionluq qazanmışam.
Valideynlərim uğurlarımı gördükcə buna alışmağa başladı. Nəhayət məsləhətlə Hövsan Olimpiya Kompleksinə yollandım. Bir müddət burada qalmaq şərti ilə məşq etdim və məktəbə getdim. İndi də məşqlərə davam edirəm. İrəliləyən vaxtlarda yarışlarımız olacaq ona hazırlıq görürəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB