"Bayer04"lə oyundan öncə "Qarabağ"ın mətbuat konfransı keçirilib

"Bayer04"lə oyundan öncə "Qarabağ"ın mətbuat konfransı keçirilib

"Sabahkı oyun bizim üçün çox vacibdir. Hiss edirik ki, bizə böyük dəstək var. Paytaxtın hər yerində futbol ab-havası var". SİA xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - "Bayer 04” oyunundan öncə təşkil edilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanov deyib.

O bildirib ki, "Bayer Leverkusen" Ağdam klubu üçün tanış rəqibdir: "Ona görə də ona qarşı oynamaq bizim üçün xoşdur. Bilirik ki, rəqib bacarıqlı, keyfiyyətli bir klubdur. Bu da bizim üçün böyük təcrübə sayılır. Furbolçuların hazırlığı yüksək səviyyədədir. Hər biri bilir ki, dinamik komandaya qarşı oynayacağıq. Sabah oyunçular üçün təkcə fiziki güc yox, eyni zamanda meydanda düşünmək gərəklidir".

"Biz rəqib komandalarla aramızda olan fərqi həmişə nəzərə almışıq. Amma biz hər zaman oyuna inamla hazırlaşırıq. Təbii ki, rəqibin nə qədər güclü, böyük bir komanda olduğunu başa düşürük. Yenə də bu oyuna hər baxımdan hazırlıqlı olmalı, çəkinmədən oynamalı və dözməyi bacarmalıyıq. Bu gün bunu bacarsaq, gələcəkdə daha çox uğur qazana bilərik",- deyə o əlavə edib.

Türkiyədən gələn jurnalistin sualını cavablandırarkən baş məşqçi, "Hər zaman qardaş ölkənin futbolunu izləyib, onlardan çox şey öyrənmişik Türkiyənin dəstəyi bizim üçün əlavə güc, motivasiyadır. Bunun nəticəsində bizim heç nədən çəkinəcəyimiz yoxdur",- deyə qeyd edib.

Konfransda çıxış edən Ağdam klubunun oyunçusu Bədavi Hüseynov bildirib ki, "Qarabağ"ın sabah qarşılaşacağı rəqib Avropamın ən güclü komandalarındandır: "Son iki oyuna nisbətən daha çox güc sərf etməliyik. Doğrudur, biz əvvəl də "Bayer"ə qarşı mübarizə aparmışıq. Amma yenə də yaxşı hazırlaşmışıq və əlimizdən gələni edəcəyik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə