Elektron idman nədir - MARAQ NİYƏ ARTIB? - BLOGGER AÇIQLADI

Elektron idman nədir - MARAQ NİYƏ ARTIB? - BLOGGER AÇIQLADI

Azərbaycan komandası "Point Blank" adlı oyun üzrə keçirilən dünya çempionatında birinci yerin qalibi olub. Dünya üzərində kompüter oyunlarına maraq olduqca böyükdür və bu kimi çempionatlarda milyonlarla dollar mükafat əldə edilir. Azərbaycanda esports sahəsinə maraq hansı dərəcədədir? SİA olaraq mövzu ilə bağlı texnoblogger Tariyel Ağazadənin fikrini öyrəndik.

Texnoblogger “Point Blank” üzrə qlobal yarışda birinci yerin qalibi olan azərbaycanlıları təbrik edərək deyib: "Dünya üzrə bu sahəyə maraq çox böyükdür. Azərbaycanda da son 2-3 ildə maraq artmağa başlayıb. Bir müddətdir müxtəlif esport, e-idman mərkəzləri yaradılır. Hansı ki, insanlar burada həm oyun oynamağı öyrənə, həm yarışlarda iştirak edə, həmçinin asudə vaxtını keçirə bilər. Son illərdə həmçinin yarışlar da təşkil olunur. Bu yarışlar həm qlobal, həm də yerli şirkətlər tərəfindən təşkil olunub dəstəklənir”.

T.Ağazadə qeyd edib ki, bu sahəyə olan maraq günü-gündən professional səviyyədə artır: “Daha öncə bu maraq həvəskar səviyyədə idi. Hər kəs qeyri-peşəkar səviyyədə oynayırdı. Ancaq bunu bir yarış sahəsinə çevirdikdən sonra maraq daha da böyüyüb. Çünki burada həm yerli, həm də qlobal oyun bazarında yer tutmaq və mükafat qazanmaq imkanı var. Müxtəlif e-idman arenaları var ki, buna Nizami Kino Mərkəzinin sonuncu mərtəbəsində yerləşən arenanı, yeni qurulmuş “GMT” arenanı misal göstərə bilərik. Həmçinin xarici brendlər də Azərbaycanda e-idman sahəsində turnirlər təşkil edirlər. Buna misal olaraq “PUBG” turnirlərini deyə bilərik. “İnfinix” brendi ilə birlikdə təxmini yarım il əvvəl “PUBG” turniri keçirilmişdi”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə