Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi Xankəndi - Bakı ultra marafonu keçirilir. İştirakçılar “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yürüşün ilk mərhələsi Yevlaxda yekunlaşıb. Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var. SİA Azərbaycan idmançıları arasında marafonla bağlı sorğu keçirib.
Dünya Alpaqut Federasiyasının Azərbaycan Nümayəndəliyinin vitse-prezidenti Rafiq Qasımov: “Bildiyiniz kimi, Xankəndidə ilk olaraq “Qarabağ”-MOİK arasında futbol yarışı baş tutdu. İndi isə ilk dəfə Xankəndi-Bakı ultra marafonuna start verilib. Yalnız marafon və ya futbol deyil, digər idman növlərinin də Xankəndi, Şuşa kimi işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi nəinki Azərbaycan, ümumiyyətlə dünya üçün böyük bir töhfədir. Hər kəs bizim xalqımızın gücünü, birliyini görür. Bu qüruru sözlə ifadə etmək mümkün deyil. Arzu edirəm ki, gələcəkdə digər idman növləri üzrə yarışları da Qarabağda, o cümlədən, Xankəndidə keçirərik”.
Sərbəst güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev: “o yerləri abadlaşdırıb artıq idman yarışları, mötəbər tədbirlər keçiririk. Prezident İlham Əliyev də ilin yekununda idmançılarla Xankəndidə görüşdü. Əlbəttə, bunların hər biri tarixi hadisələrdir. Sözsüz ki, Xankəndi-Bakı ultra marafonunun keçirilməsi məni bir idmançı kimi də sevindirir. Arzu edirəm ki, Xankəndi kimi işğaldan azad olunmuş digər bölgələrimizdə də uğurlu yarışlar keçirərik. Azad olunmuş torpaqlarda yarışların keçirilməsi, bu ərazilərin dünyada tanıdılması üçün də böyük əhəmiyyətə malikdir. Hər bir idmançıya, eləcə də marafon iştirakçılarına uğurlar arzulayıram”.

Şamaxı FK-nın futbolçusu Roman Hüseynov: “Bu gün start götürən Xankəndi-Bakı ultra marafonu təbii ki, həm Azərbaycan idmanına, həm də işğaldan azad olunmuş ərazilərin dünyaya tanıdılmasına öz müsbət təsirini göstərəcək. Son dövrlərdə ölkəmizdə keçirilən marafonların sayı artıb. Düşünürəm ki, bu yarış da Azərbaycanda marafon idman növünün inkişafı baxımından əhəmiyyətli olacaq. Hər bir iştirakçıya uğurlar arzu edirəm. Onlar artıq tarixi hadisənin bir parçasıdırlar”.
Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov: “Bildiyiniz kimi, Azərbaycan idmanında marafon idman növü elə də yüksək səviyyədə inkişaf etməyib. Yəqinki bizim ölkəmizdə keçirilən belə yarışlara maraq artıb. Gənclərimiz bu idman növündə də uğur qazana bilərlər. Amma yarışın Xankəndidə keçirilməsi onu göstərir k, Azərbaycan idman ölkəsidir və Qarabağ bölgəsində keçirilən yarışların idman siyasətində rolu böyükdür. Bütün dünyaya göstəririk ki, biz o torpaqları çiçəkləndirib, gözəllik qatırıq. Çünki ölkə başçısı cənab İlham Əliyev daima idmana diqqət və qayğı göstərir”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB