"Biz idmançıları xuliqanlıq etməyə yetişdirmirik" - MƏŞQÇİDƏN İRAD

"Biz idmançıları xuliqanlıq etməyə yetişdirmirik" - MƏŞQÇİDƏN İRAD

İki gün əvvəl Azərbaycan MMA və Qrapplinq Federasiyasınınbaş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, X.Rüstəmov, Vüqar Kərəmov, M.Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunaraq saxlanılıblar. SİA mövzu ilə bağlı Azərbaycan Alpaqut Federasiyasının Vitse-prezidenti Rafiq Qasımovun fikrini öyrənib.

Onun sözlərinə görə, hadisədə adıçəkilən idmançılar məşhur, Azərbaycanın bayrağını hər zaman ucaldan, fəxr edilən şəxslərdir. Buna görə də belə halların olmasına adam inanmır, inanmaq istəmir: “Belə hal həqiqətən də baş veribsə təəssüf hissi keçirirəm. Tək onların yox, ümumi idmançılarımızın bu cür hadisələr törətməsi cəmiyyətin korlanmasına gətirib çıxara bilər. Biz idmançıları yetişdirəndə onları cəmiyyətdə iğtişaşlar törətməyə, xuliqanlıq etməyə yox, əksinə cəmiyyətdə sağlam mühitin formalaşmasına xidmət etmələri üçün yetişdiririk”.

R.Qasımov bildirib ki, idman ilk növbədə sağlamlıqdır, ikinci növbədə özünümüdafiədir. Döyüş məqsədi üçüncü gəlir, istər müharibədə olsun, istər digər şəraitdə: “İdmançı özünü səliqəli, mədəni, təmkinli, səbrli aparmalıdır. İdmançı özü öz gücünə bələddir. Biz özümüz də gənc, yeniyetmə olmuşuq. Mən təsəvvür etmişəm ki, öz gücümə bələdəm. Kiməsə zərbə vuraram xəsarət alar deyə düşünmüşəm. Nəinki kiməsə qarşı xuliqanlıq etmək, hətta mənə qarşı bir təzyiq olduğu zaman düşünmüşəm ki, təmkinli olum. Dediyim kimi idmançı öz gücünə bələd olduğu üçün vurduğu zərbənin də gücünə və törədə biləcəyi fəsadlara bələd olmalıdır. Ona görə də idmançı maksimum dərəcədə təmkinli, səbrli, sakin olmalıdır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə