" Azərbaycanda futbol hakimliyinin banisi Tofiq Bəhramovdur" - MÜNASİBƏT BİLDİRİLDİ

" Azərbaycanda futbol hakimliyinin banisi Tofiq Bəhramovdur" - MÜNASİBƏT BİLDİRİLDİ

Bu gün əfsanəvi futbol hakimi, “Qızıl Fit” və “Qızıl İlahə” mükafatlarının sahibi, dünyada adına stadion olan ilk hakim Tofiq Bəhramovun anadan olmasından 99 il ötür. SİA olaraq Tofiq Bəhramovun fəaliyyərti və dünya futbol tarixində qoyduğu izlər barədə ekspertlərin fikirlərini öyrəndik.

İdman jurnalisti Ağa Dadaşzadə bildirib ki, Tofiq Bəhramov Azərbaycan və dünya üçün çox önəmli bir simadır: “Tofiq Bəhramov “Qızıl Fit” və “Qızıl İlahə” mükafatlarına layiq görülüb, bu da hər hakimə qismət olmur. Bildiyimiz kimi Tofiq Bəhramov həmin hakimdir ki, onun adına stadion var. 1966-cı ildən 2015-ci ilə qədər intensiv şəkildə onun verdiyi qərarın müzakirəsi getdi, bu da hər adama nəsib olmur. Tofiq Bəhramov həm yan xətt hakimi, həm də baş hakim kimi sözünü deyib. Bu insan Real Madrid, Liverpul kimi klubların oyunlarını idarə edib. SSRİ daxilində Azərbaycanlı hakim olaraq turnirlərə qatılıb. 1965-1973-cü illər arasında ən vacib, qalmaqallı, oyunlara dəvət almışdı. Onun da nəticəsi idi ki, UEFA Kuboku, indiki Avroliqanın finalında belə hakim kimi iştirak etmişdi. Tofiq Bəhramov UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində də, final mərhələsində də hakim kimi iştirak edib”.

Keçmiş futbolçu, futbol mütəxəssisi Ceyhun Sultanovun sözlərinə görə, Tofiq Bəhramov Azərbaycan hakimliyini yaxşı təmsil edib və dünyada tanıdıb: “Bilirik ki, ən məşhur idarəetməsi İngiltərə və Almaniya Federativ Respublikası oyununda olub. Verdiyi qərardan sonra düzgün hakimliyin necə olduğunu bir daha göstərib. Həmin vaxt VAR sistemi yox idi. Tofiq Bəhramov o zaman düzgün qərar verdikdən sonra dünyada onu tanımağa başladılar. Azərbaycanda hakimliyin banisi Tofiq Bəhramovdur, düşünürəm ki, belə insanları həmişə yad etmək lazımdır və edirik. Təki Azərbaycanda onun kimi hakimlər yetişsin. Bu gün görürük ki, bizim hakimlikdə axsamalar var. Əbəs yerə deyil ki, həm Azərbaycanda həm də dünyada Tofiq Bəhramovu hamı yaxşı tanıyır. Hətta bizim Tofiq Bəhramov adına stadiona gələndə belə ingiltərəli azarkeşlər onun heykəlinin yanında şəkil çəkdirirlər. Azərbaycanda futbol hakimliyi Tofiq Bəhramovun adı ilə bağlıdır. Allahdan ona rəhmət diləyirəm”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə