Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib - FOTOLAR

Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 15-24 dekabr 2023-cü il tarixlərində Binə Atçılıq Mərkəzində baş tutacaq Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib. SİA xəbər verir ki, açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev iştirak edib.

Tədbirdə ilk öncə turnir iştirakçılarının atlı paradı keçirilib.

Paraddan sonra xüsusi orkestrin müşayiəti ilə konsert proqramı baş tutub.

Daha sonra Qarabağ atlarının xüsusi şou çıxışı təşkil olunub.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərin ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan olunub.

Bundan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılışda ilk olaraq çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, bu gün artıq 10-cu Prezident Kuboku keçirilir: "Hər birimiz sevincliyik ki, bu tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf edir. Azərbaycan Atçılıq Federasiyası 2023-cü il çərçivəsində həm beynəlxalq, həm də yerli yarışlar keçirib. Fəallığından ötrü Azərbaycan Atçılıq Federasiyasına öz təşəkkürümü bildirirəm.

Nazir onu da qeyd edib ki, 2023-cü il bütün idmançılar üçün uğurlu keçib: "Eyni zamanda, polo idman növü üzrə də müsbət nəticələr əldə etmişik. Çövkən üzrə Prezident Kubokunda iştirak edən bütün komandalara uğurlar arzulayıram".

Azərbaycan Atçılıq Federasiyasının İdarə Heyətinin üzvü Cavid Abdullayev isə çıxışında bildirib ki, bugünkü gündə ölkəmiz beynəlxalq və yerli səviyyəli yarışlara ev sahibliyi edir: "Çövkən üzrə Prezident Kuboku ərazi bütövlüyümüzün tam bərpa olunması, ölkədəki separatçılığa son qoyulması ilə əlamətdardır. Turnirin keçirilməsində əsas məqsəd qədim tarixə malik atçılıq idman növünün bərpası, gənclərin bu sahəyə marağının artırılmasından ibarətdir. Ümumilikdə 2 qrupda 8 kpmanda öz gücünü sınayacaq. Yarışda iştirak edən komandalara yüksək qələbə əzmi arzulayır, azarkeşlərə isə maraqlı oyunların keçəcəyini vəd edirik".

Turnirdə yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə Prezident Kuboku uğrunda yarışlar təşkil olunacaq.

Çövkən üzrə Prezident Kuboku uğrunda mübarizədə 2 qrup olmaqla “Sərhədçi-Dilbaz”, “Şirvan”, “Sərhədçi-Qarabağ”, “Zəfər”, “Polad”, “Embavood”, “Köhlən” və “Omar” çövkən komandaları iştirak edəcək.

Qeyd edək ki, 24 Dekabr 2023-cü il tarixdə turnirin Final oyunu keçiriləcək.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə