"Yarışın sonunda Azərbaycan bayrağı ilə dövrə vurmaq çox qürurvericidir" - Ahmet Duman

"Bu, Azərbaycana ilk gəlişimdir. Azərbaycanlılar çox səmimidir. Burada hər kəs bizi mehribanlıqla qarşıladı. Azarkeşlər də bizə çox böyük motivasiya verdilər". Bu sözləri SİA-ya Bakıda təşkil olunan Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatının finalında Azərbaycan təmsilçisinə qalib gələn türk güləşçisi Ahmet Duman deyib.

24 yaşlı güləşçi yarışın sonunda Azərbaycan bayrağı ilə dövrə vurması barədə də danışıb: "Final yarışında qardaş ölkə olan Azərbaycan nümayəndəsi ilə mübarizə apardıq. Sözün əsl mənasında iki qardaş kimi güləşdik. Rəqibim də çox güclü idi. Lakin üstünlüyü ələ alaraq yarışın ikinci hissəsinin sonlarına doğru qələbə qazanaraq dünya çempionu oldum. Sonda Azərbaycan bayrağı ilə dövrə vurmaq çox qürurverici idi. Biz iki dövlət, bir millətik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə