Milli Atçılıq Festivalının mətbuat konfransı keçirilib - YENİLƏNİB - FOTOLAR
Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 5-8 noyabr 2023-cü il tarixlərdə Binə Atçılıq Mərkəzində, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalından öncə mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev, Gənclər və idman Nazirliyinin rəsmisi Elnur Məmmədov və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov çıxış edib.
İlk olaraq konfransda çıxış edən ARAF-ın baş katibi bildirib ki, çövkən oyunu üzrə dünya çempionatının final qarşılaşması noyabrın 8-də keçiriləcək: "Biz bununla Zəfər Gününə öz töhfəmizi vermək istəyirik. Milli Atçılıq festivalı çərçivəsində Qarabağ və Dilbaz atlarından istifadə ediləcək: "5, 6 və 8 Noyabr tarixində ilk dəfə keçirilən Çövkən yarışları, 7 noyabr tarixində isə Qarabağ və Dilbaz atlarının Cıdır yarışları keçiriləcək. Eyni zamanda, bu gün püşkatma mərasimi də olacaq. Qeyd edim ki, yarışların hakimi Macarıstanı təmsil edən hakim olacaq. Bu o deməkdir ki, "fair-play" anlayışını qorumaq üçün yarışlarda iştirak etməyən ölkələrin hakimlərindən istifadə edirik. Nəzərinizə çatdırım ki, bütün iştirakçı komandalar bizim tərəfimizdən atlarla təmin olunacaq. Ədaləti təmin etmək üçün komandaların yarışacağı atlar püşkatma ilə müəyyən olunacaq".
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çövkən üzrə dünya çempionatının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Bakıda keçirilməsi tarixi hadisə olduğunu vurğulayıb: "Azərbaycan Atçılıq Federasiyasına belə tədbir təşkil etdikləri üçün təşəkkürümü bildirirəm. Bu, bizim üçün gözəl şansdır. Atçılıq idman növünə gənclər arasında marağın yaranmasını istəyirik. Burada medianın əhəmiyyəti də önəmlidir. Hər kəsi bayram günündə bu yarışı izləməyə dəvət edirik. Əminəm ki, təşkilati baxımından problem olmayacaq. Bu federasiyanın əvvəlki yarışları necə keçirdiyini görmüşük. İdmançılara uğurlar arzulayıram".
Sonda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov nazirlik olaraq böyük bir tədbirə dəstək verməkdən qürur duyduğunu bildirib: "Azərbaycanda heyvandarlığın əsas istiqamətlərindən biri də atçılıqdır. Atçılıq Azərbaycanda çox böyük ənənələri olan bir sahədir. Azərbaycan bütün dünyada öz iki cins atı ilə məşhurdur: "Hər iki atın yetişdirilməsində ciddi dövlət dəstəyi hiss olunur. Nəticədə hər iki cins at öz itmiş şöhrətini geri qaytarmaqdadır. Hər iki at cinsi dözümlülüyü və davranışı ilə seçilir. Bu atların həm ölkə daxilində, həm də xaricində tanıdılmasında bu cür beynəlxalq tədbirlər böyük rol oynayır".
"Biz Kənd Təsərrüfatı Nazirliyi olaraq damazlıq cinsinin yetişdirilməsi üzrə fəaliyyət göstəririk. Amma Atçılıq Federasiyası idman atlarının yetişdirilməsində güclü işlər aparır. Bu da atlarımızın tanıdılmasına öz töhfəsini verir. Hesab edirik ki, gözlədiyimizdən daha yaxşı bir tədbir olacaq",- deyə o əlavə edib.
Konfransın sonunda çövkən üzrə dünya çempionatının püşkü atılıb. Azərbaycan millisi ilk oyunda Türkiyə komandası ilə üz-üzə gələcək.
Daha sonra Qazaxıstan - Azərbaycan, Mərakeş - Qazaxıstan, Polşa - Mərakeş, Türkiyə - Özbəkistan, Özbəkistan - Polşa görüşləri baş tutacaq.
Festivalda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə Çövkən çempionatı, Cıdır yarışları və Yorğa qaçışları təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB