İdman aləmində “Mauqli” ləqəbi ilə tanınan azərbaycanlı kikboksçu Zabit Səmədov “Crocus Fitness Sabah” kompleksində ustad dərsi keçirib. İdmançı öz karyerası boyu 113 döyüşə çıxıb, onlardan 103-nü qələbə ilə başa vurub. Qələbələrin 38-I nokautla olub. Qeyd etmək lazımdır ki, “Axmat” (Çeçenistan) idman klubunda çıxış edən və Minskin “Patriot” klubunun döyüşçüsü olan Zabit rinqə həmişə Azərbaycan bayrağı altında çıxıb. SİA xəbər verir ki, bir çox çempion titullarının sahibi olan idmançı öz uğurlarının tarixçəsini bölüşüb və auditoriyanın suallarına məmnuniyyətlə cavab verib. Ötən ilin sentyabrında karyerasını başa vuran idmançı idmanı həyatının bir hissəsi hesab edənlərə faydalı məsləhətlər verib, gizli üsulları nümayiş etdirib. O, həmçinin avtoqraf sessiyası keçirib və pərəstişkarları ilə foto çəkdirib.
Ustad dərsi tanınmış idmançıların iştirakı ilə keçirilən qarışıq sessiya ilə başa çatıb. Onların arasında peşəkar döyüşçü, “UAE Warriors” dünya çempionu tituluna iddiaçı Tahir Abdullayev, “New Generation Fighting” təşkilatının kikboksinq üzrə 72 kiloqram çəki dərəcəsində dünya çempionu titulunun sahibi Ruslan Nağıyev, 57 kiloqram çəki dərəcəsində həmin yarışlarda dünya çempionu olmuş Maqomedali Osmanlı və IMAAF təşkilatının dünya çempionatının gümüş mükafatçısı Adıgözəl Quliyev olublar.
Tədbirə girişin sərbəst olması bütün həvəskarların aksiyaya qoşulmasına şərait yaradıb. Uşaqlar ustad dərsin xüsusi qonaqları olublar. Onlar əfsanəvi idmançı ilə görüşüb və onun kimi güclü və cəsur olmaq istədiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB