"Üstün tərəfimiz cinahlarda güclü oyunçularımızın olması idi" - FUTBOL MÜTƏXƏSSİSİ BİLDİRDİ

"Ümumi oyunu qiymətləndirdikdə fikrimcə, strategiya doğru seçilmişdi. "Qarabağ" topa daha çox sahib çıxmağa və rəqib komandanın hücumlarının kəsərini aşağı salmağa üstünlük verdi. "Molde"ni yormağa çalışırdılar. Onlar onsuzda uzun yoldan gəlmişdilər. Topsuz olaraq oynamaq onlar üçün biraz da ağır ola bilərdi. Ağdam klubu bunun öhdəsindən gəldi. Hesab edirəm ki, ilk başlarda hər iki komanda bir qədər ehtiyatlı davrandı. Lakin bir nöqtədən sonra "Molde"nin də kəskin hücumlarının şahidi olduq". Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Aslam Kərimov deyib.

Onun sözlərinə görə, bu hücumların dəf edilməsində qapıçının da əvəzsiz rolu var: "Çünki Lunevin soyuqqanlı oyunu komandaya psixoloji baxımdan pozitiv təsir göstərirdi. Adətən oyunçular meydanda olarkən qapıçını narahat gördükdə motivasiyaları aşağı düşür. Bu, stresli oyuna səbəb ola bilir və bəzi şeylər alınmır".

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, "Qarabağ"ın müdafiə xəttinin də bu cür oynamasının əsas səbəblərindən biri qapıçının bu oyunda yaxşı performans göstərməsi idi: "Zaman-zaman "Molde"nin bəzi hücumları var idi ki, qapımız rəqibi qabaqlayıb topa yiyələnirdi. Təhlükəli gedişlərdən biri "Molde"nin "out" atışları idi. Amma müdafiəçilərimiz bu atışlarda da boşluq vermədi. Bizim üstün tərəfimiz o idi ki, cinahlarda güclü oyunçularımız var idi.

Kritik məsələlərə toxunası olsaq, xeyli qol imkanı yaradıb onları reallaşdırmamaq gələcək oyunlarımız üçün bizə bir qədər çətinlik törədə bilər. Bu qələbədən sonra hesab edirəm ki, ən azından ikincilik uğrunda mübarizədə böyük addım atmış olduq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə