"Məqsədimiz triatlonu Azərbaycanda tanıtmaqdır" - ATF PREZİDENTİ DANIŞDI
"Sevindirici haldır ki, biz gənclər paytaxtı olan Mingəçevir şəhərində yarış təşkil etdik. Bildiyiniz kimi, triatlon idman növü üç disiplindən ibarətdir. Çox çətin idmandır. Buna baxmayaraq bugünkü yarışda 100 nəfər iştirakçı var. Onların 41-i yeniyetmədir. Azərbaycan Triatlon Federasiyası olaraq məqsədimiz bu idman növünü ölkədə tanıtmaq, idmançıların sayını artırmaqdır. Triatlon üzrə yerli idmançılar yetişdirmək istəyirik". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə Mingəçevirdə triatlon üzrə keçirilən ölkə çempionatı zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əvvəl idmançıların sayı çox az idi: "Artıq qarşıda qoyduğumuz hədəflərə uyğun olaraq regionlardan yeniyetmələri triatlon cəlb edirik. Məsələn, son bir ay ərzində Sumqayıt şəhərindən triatlon idman növünə dörd nəfər idmançı cəlb etmişik".
"Hazırda triatlon üzrə ölkə çempionatının Mingəçevir şəhərində hər il keçirilməsi üçün müzakirələr aparırıq. Əminəm ki, iştirak edən idmançılar da öz fikirlərini bildirəcəklər. Çünki bu, Mingəçevirdə ilk triatlon yarışıdır. İnanıram ki, gələn il ölkə çempionatı daha yüksək səviyyədə keçəcək.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən regionlarda yüksək səviyyəli idman kompleksləri inşa edilib. Məqsədimiz həmin komplekslərdən istifadə etmək, məşqçilərlə məqsədyönlü sistem qurmaq, uşaqları triatlona cəlb etməkdir.
Onu da bildirim ki, gələn il IRONMAN brendini ölkəyə gətirməyi planlaşdırırıq. Artıq danışıqlar bitmək üzrədir. Sözsüz ki, bu, Azərbaycana turizm baxımından böyük təkan verəcək",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB