İdman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

İdman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının rəsmiləri ilə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri, xanım Guo Min arasında rəsmi görüş keçirilib. Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasından SİA-ya məlumat verilib.

Bildirilib ki, Çinin Azərbaycandakı səfirliyində keçirilən rəsmi görüşdə əvvəlcə assosiasiyanın rəhbəri Asif Sayadov dəvətə görə səfirə təşəkkürünü bildirib.

Sonra Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə yaradılan yeni Çin Döyüş Növləri Assosiasiyasının gələcəkdə həyata keçirəcəyi layihələr, seminarlar, proqramlar və tədbirlərdən söz açaraq Çin səfirliyini birlikdə sıx əməkdaşlığa dəvət edib.

Asif Sayadov qeyd edib ki, Assosiasiyanın tərkibinə daxil olan Uşu, Kunq-Fu və Vinq Çun federasiyalarının ölkəmizdə 30 illik tarixi və inkişaf yolu mövcuddur. Bu illərdə hər bir federasiyanın çoxlu uğurları var və federasiyaların bir araya gəlməsi, Çin xalqının qədim döyüş mədəniyyətinin ölkəmizdə geniş təbliğinə və inkişafına böyük töhfələr verəcək.

Görüşdə iştirak edən vitse-prezidentlər Azər Həsənsoy və Nurlan Aslanov çıxış edərək Çin döyüş növlərinin ölkəmizdə inkişafı tarixidən, bu illər ərzində bir sıra dünya yarışlarında qazanılan uğurlardan və digər məsələlərdən danışıblar.

Vinq Çun Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Ramin Əliyev növbəti ilin əvvəllərində ölkəmizdə keçirilməsi nəzərdə tutulan Çin döyüş növləri üzrə beynəlxalq festivalın mahiyyətindən və festivalda iştirakı nəzərdə tutulan xarici ölkələrin komandalarından söz açıb.

O bildirib ki, assosiasiyanın proqramlarından biridə Çin döyüş növləri üzrə böyük ustadları ölkəmizə dəvət etmək, müxtəlif məkanlarda onların seminarlarını və təlim məşqlərini təmin etməkdir.

Səfirliyin Assosiasiya ilə sıx əlaqələrin yaradılmasının vacibliyini vurğulayan səfir Guo Min bildirib ki, bu əməkdaşlıq Çin və Azərbaycan dövlətləri arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə vəsilə olacaq. Səfir qeyd edib ki, Çin və Azərbaycan dövlətləri arasında getdikcə inkişaf edən dostluq münasibətlərinə görə hər iki ölkə başçılarına minnətdarıq.

Assosiasiyanın yaradılması isə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun uzaqgörənliyinin bariz nümunəsidir. Çünki, bu günlərdə Çin və Azərbaycan dövlət başçılarının qarşılıqlı imzaladığı sənədlərdə iki dövlət arasında inkişaf proqramlarının hazırlanmasına başlanılıb. Bu proqramlar arasında iqtisadiyyat və həmçinin idman mədəniyyəti də yer alır.

Çin səfirliyi olaraq, bundan sonra Azərbaycan Çin döyüş növləri assosiasiyası ilə sıx əlaqələrin qurulmasına və inkişafına maksimum dəstək verəcəyini vurğulayan xanım səfir, həmçinin Çinin qədim döyüş mədəniyyətini ölkəmizdə təbliğ edən assosiasiyanın rəsmilərinə dərin minnətdarlığını bildirib. Qeyd olunub ki, ölkəmizdə sentyabrda "Çin günü" adı altında səfirliyin böyük tədbirinin keçirilməsi planlaşdırılıb. Həmin tədbirdə assosiasiyanın rəsmilərini qonaq kimi və həmçinin istedadlı idmançıların nümunəvi çıxışlarını görməkdən məmnun qalacağını dilə gətirib. Həmçinin, səfir ölkəmizdəki Çin döyüş növləri ilə tanış olmaq üçün yaxın zamanda assosiasiyanın təlim-məşq bazasına gələcəyini də bildirib.

Sonda səfir Guo Min avqustun 14-18-də Honq-Konqda Vinq Çun üzrə 11-ci dünya yarışında iştirak edəcək Azərbaycan Vinq Çun Federasiyasının 12 nəfərdən ibarət milli yığma komandasına uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə