Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılış mərasimi keçirilib - YENİLƏNİB - FOTOLAR
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Avropa Gənclər Parlamenti Azərbaycanın (AGP) təşkilatçılığı ilə “Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - Bakı 2023”ün Gülüstan sarayında açılış mərasimi baş tutub. SİA xəbər verir ki, tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni və Avropa Birliyinin Himni səsləndirilib.
Şəbəkə olaraq Avropa Gənclər Parlamentinin əsas məqsədi gənclərə könüllülük, multikulturalizm dəyərlərinin aşılanmasını təbliğ etmək, eyni zamanda mədəniyyətlərarası dialoq, mübadilə proqramları vasitəsilə müxtəlif ölkə gəncləri arasında körpü rolunu oynamaqdır.
Azərbaycan da daxil olmaqla Avropanın 35 ölkəsindən nümayəndə qismində qatılan 265 gəncin iştirakı ilə həyata keçirilən 8 günlük sessiyada fəal və təşəbbüskar gənclər Avropa Parlamentinin strukturu əsasında qurulmuş platformada Mədəniyyət və Təhsil, Məşğulluq, Təhlükəsizlik, Beynəlxalq Ticarət, İqtisadiyyat kimi 12 komitə üzrə dünyada baş verən və gündəmdə olan ən vacib məsələləri müzakirə edəcəklər. Müxtəlif sahələr üzrə komitələrin birgə əməyi nəticəsində hazırlanmış qətnamə 11-12 avqust tarixlərində ADA Universitetində baş tutacaq Baş Assambleyada ümumi müzakirəyə çıxarılacaq. Debatlar və səsvermədən uğurla keçəcək qətnamələr qəbul olunaraq Avropa Parlamentinə gənclərin səsi olaraq təqdim olunacaq. Eyni zamanda, tədbir zamanı iştirakçıların rəsmi hissədən kənar asudə vaxtlarının təşkili üçün müxtəlif mədəni proqramların, axşam fəaliyyətlərinin keçirilməsi nəzərdə tutulur. Belə ki, “Avropa Şəhərciyi” (Eurovillage) zamanı 35 ölkədən olan iştirakçılar öz mədəniyyətlərini təmsil edən stendlər qurur, ölkələrinə məxsus mətbəx və mədəniyyət nümunələrini sərgiləyirlər. Bu kimi tədbirlər öz növbəsində Azərbaycan mədəniyyətinin avropalı gənclərə tanıtmaq üçün unikal fürsətdir.
Qeyd edək ki, Beynəlxalq Sessiyanın rəsmi bağlanış mərasimi 12 avqust tarixində Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB