"Poland Open" dünya çempionatı ərəfəsində son sınaqdır" - QURUM RƏSMİSİ DANIŞDI

"Poland Open" dünya çempionatı ərəfəsində son sınaqdır" - QURUM RƏSMİSİ DANIŞDI

“İyulun 26-dan 30-na qədər Polşanın paytaxtı Varşavada ənənəvi yarış olan “Poland Open” turniri keçirilir. Bu yarışda güləşin hər üç növü üzrə mübarizə baş tutur. Lakin bu yarışda ölkəmizi yalnız sərbəst və qadın güləşçiləri təmsil edir. Qadın güləşi üzrə yarışda Azərbaycandan baş məşqçi Semyon Şterevin rəhbərliyi altında Mariya Stadnik, Jalə Əliyeva və Elis Manolova iştirak edir. Sərbəst güləş yarışında isə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əliabbas Rzazadə, Hacı Əliyev, Maqomed-Bəşir Xaniyev, Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev, Osman Nurmaqomedov və Georgi Meşvildişvili qüvvələrini sınayacaqlar. Ümumilikdə bu yarışda 11 iştirakçımız iştirak edəcək. Bu gün artıq bizim titullu güləşçimiz, dünya qadın güləşinin canlı əfsanəsi Mariya Stadnik mübarizə aparır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı deyib.

Onun sözlərinə görə, “Poland Open” yarışında rəqiblər barədə fikir söyləmək çətindir: “Çünki iştirakçıların siyahısı bizə bəlli deyil. Təəssüf ki, Dünya Güləş Birliyinin saytında bu barədə məlumat yoxdur. Polşa Güləş Federasiyası da ətraflı informasiya çatdırmadığı üçün hansı ölkəni rəqib gördüyümüz barədə fikir bildirə bilmirik. Amma bu yarış bizim üçün Dünya Çempionatı ərəfəsində müəyyən çəkilərlə bağlı ortaya çıxmış suallara cavab vermək üçün önəmlidir. Məsələn, bu turnir dünya çempionatı üçün 74 kiloqramda sərbəst güləş üzrə bir qədər seçim xarakteri daşıyır. Bizim heyətdə isə bu çəkidə üç idmançı – Turan Bayramov, Cəbrayıl Qadjiyev və Xadjimurad Qadjiyev yer alıb”.

Qurum rəsmisi bildirib ki, bu yarışda kim öz gücünü daha yaxşı göstərsə dünya çempionatında iştirak etmək şansı ola bilər: “Bu, digər idmançılarımız üçün də öz gücünü sınamaq baxımından dünya çempionatı ərəfəsində son yarışdır. Təxminən bir ay yarım müddətdən sonra olimpiadaya lisenziya qazandıran dünya çempionatı olacaq. “Poland Open” də bu müddət ərzində son sınaqdır. Yunan-Roma güləşçilərimiz bu yarışda iştirak etmədi. Çünki onlar üçün son sınaq Macarıstanda keçirilən reytinq turniri oldu”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə