Azərbaycan klubları transfer çalışmalarını davam etdirir. İyunun 15-də start götürən yay transfer pəncərəsi sentyabrın 5-də bitəcək. Eyni zamanda, klublarda yeni təyinatların da şahidi oluruq. Bəs, bu yeniliklər klubların inkişafında nə kimi rol oynayacaq. SİA mövzu ilə bağlı mütəxəssislərin fikrini öyrənib.
Futbol mütəxəssisi Ceyhun Sultanov: “Doğrudur, klublarımız transfer edirlər, amma gecikirlər. “Neftçi” komandasından söhbət gedirsə, iki transfer ediblər. Yerli olaraq Qara Qarayevi, Filip Ozobiçi komandaya daxil ediblər. Düşünürəm ki, yaxşı komanda formalaşdırmaq istəyirlər. Bu, gedilən transferlərdən də hiss olunur. Sadəcə transferlərin yaxşı nəticə verib-verməyəcəyini zaman göstərəcək. Növbəti oyunlardan da transferlərin komandaya töhfəsi məlum olacaq”.
Yeni məşqçi təyinatına gəldikdə isə mütəxəssis bildirib ki, hər zaman belə hallarda komandada dəyişikliklər olur: “Adrian Mutu yaxşı futbolçu olub. Hətta onunla Rumıniyada bir-birimizə qarşı oynamışıq. Futbolçu kimi yaxşı olsa da, hələ məşqçilik fəaliyyətinin necə olduğunu göstərməyib. Amma inanıram ki, gənc məşqçilər həmişə əllərinə düşən fürsətdan maksimum istifadə etməyə çalışırlar. Uğurlu olacağına inanmaq lazımdır.
Hesab edirəm ki, yeni təyinat və transferlər futbolun deyil, klubun inkişafına töhfə verə bilər. Lakin əldə olunacaq uğurlar barədə danışmaq hələ tezdir. Hər bir insan yeni təyin və ya transfer olduqda özünü göstərmək üçün zamana ehtiyacı olur. Hər birinə uğurlar arzu edirəm. İstəyərəm ki, yeni təyinatlar özünü doğrultsun”.
Futbol mütəxəssisi İlqar Qurbanov da mövzu ilə bağlı fikirlərini bildirib: “Hər bir işdə və sahədə yeniliklər olduqda müsbət yöndə yeni ab-hava olur. Əlbəttə ki, yeni rəhbər yeni komanda yaratmaq istəyəcək. “Neftçi”də baş məşqçi dəyişikliyi gözlənilirdi. Çünki çox uğursuz idi. “Neftçi” illərdir ki, istənilən səviyyədə deyil. Buna görə də çox tənqid edilir. Çünki çox sevilən bir klubdur və hər kəs ondan uğur gözləyir. Təbii ki, orada işləmək də asan deyil.
Yeni transferlərin isə bəzilərini tanıyırıq, bəzilərini yox. Necə olub-olmayacağını zaman göstərək. Könül istərdi ki, aşağı yaş qruplarına da nəzarət və diqqət edilsin. Belə ki bünövrə sağlam olmasa, istər-istəməz uzunmüddətli uğur gözləmək çətin olur”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB