Azərbaycanda futbol ən məşhur idman növlərindən biri olsa da, artıq ölkə basketbolu da inkişaf etməkdədir. Bu ilin 30 may tarixində Azərbaycan basketbol liqası başa çatıb və Sabah BK ölkə çempionu olub. Basketbol üzrə qadınlardan ibarət milli komandamız 2025-ci ildə keçiriləcək Avropa çempionatının (EUROBASKET) seçmə mərhələ oyunlarında iştirak edib və qrupun bütün oyunlarda qələbə qazanan qızlardan ibarət U-16 millimiz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Azərbaycan basketbolunun qazandığı uğurlar və gələcəyi haqqında idman şərhçisi Fərid Ramazanov SİA-ya danışıb: "Basketbolçularımızın və ölkə basketbolunun son zamanlarda dəyişilməsi və yüksəlməsinin müxtəlif səbəbləri var. Onlardan birincisi fikrimcə, Basketbol Federasiyasında son zamanlarda edilən islahatlardır, federasiyada kadr dəyişikliyi, rəhbərlikdə, strukturda edilən dəyişiklikdir. Bundan sonra artıq yeni bir sistem qurulmağa başladı, nəhayət ki, uzun illərdən sonra ölkəmizdə peşəkar basketbol çempionatı keçirildi və bu liqanın keçirilməsi də ümumiyyətlə, basketbolçularımızın və basketbolun səviyyəsinin daha da artmasına səbəb oldu. Əvvəlki illərdə ölkəmizdə heç basketbol liqası və çempionatı da keçirilmirdi.
İkinci səbəb də birinci səbəblə bağlıdır. Artıq liqanın keçirilməsindən sonra bu liqaya olan maraq da getdikcə artmağa başladı, legioner basketbolçular gəldi, rəqabət yüksəldi və bu da basketbolçuların daha da yaxşı oynamasına səbəb oldu. Bütün bu sadaladıqlarım bir növ uğurların səbəbi idi. Artıq nəinki liqa, liqanın keçirilməsi ilə bərabər artıq əsas milli komanda formalaşdı. Əsas milli komanda formalaşdıqdan sonra gənclər arasında komandalar daha da gücləndi. Yəni artıq müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarımız var, qızlardan ibarət komandalarımız var və onların hamısı da artıq basketbol federasiyasındakı dəyişikliklərdən sonra müxtəlif liqalarda iştirak etməyə başladılar. Azərbaycan basketbolunun gələcəyi bundan ibarətdir ki, artıq nəhayət ki, həm rəqabət güclənəcək, həm də oyunçuların səviyyəsi daha da yüksələcək. Bu, o deməkdir ki, yaxın zamanlarda ölkə basketbolu daha püxtələşəcəklər, yüksək yerlərə qalxacaqlar. Əsas arzumuz budur ki, bizim basketbolçularımız xarici komandalarda legioner həyatı da yaşasın. Ümid edirəm ki, təxmini yaxın 5 il ərzində legioner olan basketbolçularımızı da görəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB