"Millimiz beynəlxalq yarışa hazırlaşır" - QURUMDAN AÇIQLAMA

"Millimiz beynəlxalq yarışa hazırlaşır" - QURUMDAN AÇIQLAMA

"Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşıki Karate Federasiyasının yığma komandası 22-23 iyul 2023-cü il tarixi müddətində Yaponiyanın Okinava şəhərində keçiriləcək növbəti beynəlxalq yarışda və seminarda iştirak edəcəkdir. Adı çəkilən yarışda və seminarda iştirak etmək məqsədi ilə milli komandamızın idmançıları artıq seçilmiş və lazımi qaydada formalaşdırılmışdır. Belə ki, 16-17 yaş kateqoriyasında (60 kq) oğlanlar arasında Kənan İsmayılzadə, 18-19 yaş kateqoriyasında (50 kq) qızlar arasında isə Sevinc Mövsümzadə millimizi təmsil edəcəklər". Azərbaycan Karate Federasiyaları Assosasiyasından SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, yığma komandanın baş məşqçisi Nazim Mövsümzadədir. Onun həmçinin +40 yaş kateqoriyasında veteranlar arasında yarışda iştirakı nəzərdə tutulmuşdur.

Sözügedən beynəlxalq yarış və seminarda dünyanın 15 müxtəlif ölkəsindən təcrübəli idmançıların iştirakı gözlənilir. Bu ölkələrə Yaponiya, Rusiya, Avstraliya, Kanada, Əlcəzair, Azərbaycan, Yeni Zellandiya, Nepal, Əfqanıstan, İsveçrə, Kot-d'İvuar, Kamerun, Hindistan, Pakistan və Çin aiddir. İdmançılarımız iki növ üzrə, yəni şəxsi kata və şəxsi kumitedə, habelə veteranlar arasında keçirilən yarışda qüvvələrini sınayacaqlar.
Yuxarıda qeyd olunan mötəbər beynəlxalq yarışda və seminarda yığma komandamızın iştirakının təmini üçün hərtərəfli dəstək göstərən, daim idmançılarımıza böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşıki Karate Federasiyasının Fəxri prezidenti cənab Adnan Əhmədzadəyə və federasiyanın prezidenti cənab Rafael Bünyatova dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, idmançılarımız əvvəlki illərdə olduğu kimi, bu dəfə də, ölkəmizin idman şərəfini layiqincə qoruyaraq əldə olunacaq yüksək nailiyyətlərlə vətənə geri dönəcəklər.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə