"Komandamız Avropa Oyunlarının favoritlərindən hesab olunur" - QURUM RƏSMİSİ

"Komandamız Avropa Oyunlarının favoritlərindən hesab olunur" - QURUM RƏSMİSİ

“İyulun 20-si Bakı vaxtı ilə axşam saat 5-də milli karateçilərimiz Polşada keçiriləcək III Avropa Oyunları üçün yola düşəcək. Yarışda 8 karateçimiz iştirak edəcək. Demək olar ki, ən böyük heyətlə biz təmsil olunuruq. Əlbəttə ki, yarışın favoritlərindən hesab olunuruq”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Karate Federasiyaları Assosasiyasının mətbuat katibi Mehman Rəsulov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, milli karatedə Azərbaycan karateçiləri hər zaman fərqlənib: “Azərbaycan Karate Federasiyaları Assosasiyası, eləcə də Milli Karate Federasiyası tərəfindən komandamızın hazırlığı üçün bu ərəfədə bütün şərait yaradıldı. Artıq hazırlıqlar yekunlaşıb. Komandamız özünü yarışlara kifayət qədər hazır hiss edir.

Bildiyiniz kimi, bir neçə gün öncə karateçimiz İrina Zaretska Premyer Liqada çıxış etdi və müküfat qazandı. İnanırıq ki, III Avropa Oyunlarında da həm Zaretska, həm də digər idmançılarımız uğurlu çıxışlar edəcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə