Millətlər Liqası: Xorvatiya yığması inamlı qələbə ilə finala yüksəlib

Millətlər Liqası: Xorvatiya yığması inamlı qələbə ilə finala yüksəlib

UEFA Millətlər Liqasında "Dördlər finalı"na start verilib. SİA-nın məlumatına görə, ilk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkib. Rotterdamdakı "Feyenoord stadionu"nda keçirilən görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb - 4:2.

Hesabı 34-cü dəqiqədə meydan sahiblərindən Doniell Malen açıb. Andre Kramariç 55-ci dəqiqədə tarazlığı bərpa edib.73-cü dəqiqədə Mario Paşaliç xorvatiyalıları önə keçirib. Lakin əsas vaxta əlavə olunmuş sonuncu - 6-cı dəqiqədə "narıncılar" bərabərlik qolunu vura biliblər. Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. 98-ci dəqiqədə Bruno Petkoviç uzaq məsafədən baxımlı qolla hesabı yenidən qonaqların xeyrinə dəyişib. Son nöqtəni isə 116-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Luka Modriç qoyub.

Beləliklə, Niderland seçməsinə qalib gələn Xorvatiya finalda İspaniya - İtaliya cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası
"Dördlər finalı"
Yarımfinal
14 iyun

22:45. Niderland - Xorvatiya - 2:4 (ƏLAVƏ VAXTDA - 0:2)
Qollar: Doniell Malen, 34. Noa Lanq, 90+6 - Andre Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, "Feyenoord Stadionu"

Qeyd edək ki, "Dördlər finalı"nda həlledici oyun iyunun 18-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə