“Mahir Muradov Kuboku” uğrunda konkur yarışlarında qaliblər məlum olub

İyunun 10-da Binə Atçılıq Mərkəzinin açıq manejində “Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib. SİA xəbər verir ki, “E” və “M” kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

“E” kateqoriyası üzrə 90-100 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. On üç idmançının iştirak etdiyi gərgin mübarizədə “Atçılıq məktəbi” klubunun idmançısı Leyla Mirzəyeva “Tibet” ləqəbli atla birinci, “Gilan" klubunun idmançısı Rahib İsmayılov “Aleks 1” ləqəbli atla ikinci, “Elite" klubunun idmançısı Aydan Ağayeva “Alart-S” və “Zirvə” ləqəbli atlarla müvafiq olaraq üçüncü və dördüncü, “Elite” klubunun idmançısı Məryəm Lütfəlibəyova isə “Valonka” ləqəbli atla beşinci yeri tutublar.

“M” kateqoriyası üzrə hündürlüyü 120-125 santimetr olan yarışda 13 idmançı iştirak edib. Nəticədə “Murad” klubunun idmançısı İya Fitisova “Clima” ləqəbli atla birinci, “Buta Golden” klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla ikinci, “Sərhədçi” klubunun idmançısı Anar Hümbətov “Cera 59” ləqəbli atla üçüncü, “Buta Golden” klubunun idmançısı Eqor Morotski “Guadella” ləqəbli atla dördüncü, “Gilan” klubunun idmançısı Rahib İsmayılov isə “Carthanio” ləqəbli atla beşinci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə